Vaqif Xaçatryanın məhkəməsində zərərçəkənlər ifadə verir

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəməsi fasilədən sonra davam etdirilir.

Fasilədən sonda prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi qismində Şakir Qonaqov dindirilib.

O bildirib ki, qardaşı Musa Qonaqov Meşəli kəndində şəhid olub: “Könüllü kimi oralarda xidmət edirdi. Hadisələr baş verəndən 3 gün sonra nəşi bizə verildi, həmin gecə dəfn elədik. Döyüş yoldaşları deyir ki, sona qədər vuruşub, son gülləsi ilə özünü öldürüb. Lakin nəşinin üstündə güllə izləri çox idi. Demək ki, şəhid olmuş qardaşımın nəşinə də güllə vurublar. Vaqif Xaçatryna ən ağır cəza verilsin. Güllələmək lazımdır. Bunlar Azərbaycanın çörəyini yeyiblər, qudurublar”.

Daha sonra zərərçəkmiş Arzu Qasımova qeyd edib ki, hadisələr vaxtı 25 yaşı olub: “Allah bunların cəzasını versin, indi orada olanları danışmaq belə çətindir. Ağır cəza verin. Bunların körpələrimizə, qadınlarımıza yazığı gəlmədi. Meşəli hadisəsindən 3 gün əvvəl atam balaca bacımla məni Laçına aparıb qoymuşdu. Atam Meşəli hadisələrində şəhid olub, anam ağır yaralı olub. Yaralı halda anam meşənin içiylə gedib. Onun qanının izi ilə cammat yolu tapıb kənddən çıxmışdı”.

Prosesdə zərərçəkən Süleyman Mahmudov da ifadə verib. O, Vaqif Xaçatryanın qardaşından danışıb: “Orada bizə səsgücləndirici ilə bunun qardaşı Aramis müraciət edirdi. Deyirdi ki, kəndi boşaldın, mühasirədəsiz. Lakin onlar hər tərəfi tuta bilməmişdi. Biz qocaları, qadınları, uşaqları yerbəyər edib, döyüşə girdik. Silah tapıb onlarla atışmağa başladıq. Bizi pulemyotla vurdular. Anam, bacımın uşağı, əmim oğlu, xalam oğlu şəhid oldu. Kənd camaatından eşitdim ki, hücum edən şəxslərdən biri Vaqif olub. Vaqif və vaqifkimilər yedikləri qaba tüpürənlərdir.

Bir şeyi anlamırdım ki, bunlar niyə belə etdilər? Normal yaşayırdıq, 1988-ci ildən sonar bunlar insanlıqdan çıxdılar”.

Təqsirləndirilən şəxs bir daha hadisələr zamanı Meşəli kəndində olmadığını idda edib.

Zərərçəkən Sadiq Hacıyev isə bildirib ki, o vaxtlar cəmi bir dəfə Vaqifi görüb: “Mən hərbi xidmətdən yeni qayıdıb, polisdə işə düzəlmişdim. Hadisə günü yaralılar oldu. Biz təcili yardım maşını ilə Ramil Kazımovla çıxdıq. 2 kilometr yol getmisdik, “saxla” dedilər. Ramil dedi ki, bizə “saxla” əmrini verən Vaqifdir. Ramil maşını saxlayanda onu vurdular, yaralı halda maşını ərazidən çıxardı. Qabaqda sükana mən keçdim və onu Şuşaya qədər apardım. Ermənilərin özləri deyirdi ki, Ramilə atan Vaqif idi.

Əvvəlki məqalə

Azad edilmiş ərazilərdə və Naxçıvanda Azərbaycan-Türkiyə birgə təlimi keçiriləcək

Sonrakı məqalə

MEDİA Bişkekdə TDT-nin 5-ci toplantısında iştirak edib