“Vasitəçilik missiyasında Türkiyənin iştirak etməyə tamamilə haqqı var” –

PREZİDENT
07 Oktyabr 2020 - 18:23

“İndiki anda Türkiyə bununla bağlı heç bir faktla təsdiqlənməmiş müxtəlif şayiələrə və insunasiyalara baxmayaraq, əsla münaqişəyə cəlb edilmiş tərəf deyil”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində bildirib.

“Məsələn, guya Türkiyəyə məxsus F-16 təyyarəsinin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə xəbər həm Rusiya, həm də Avropa KİV-lərində yayılıb. Heç bir sübut yoxdur. Məlum olub ki, görünür, erməni pilot, sadəcə, peşəkar baxımdan o qədər də hazırlıqlı olmayıb və dağa çırpılıb. Bax, bu cür feyk xəbərlər yayılır. Bunun nə məqsədlə edildiyini bilmirəm. Güman edə bilərəm, lakin bu feyk xəbərlər üçün heç bir əsas yoxdur”.

İ.Əliyev bildirib ki, hərbi qarşıdurma fazası başa çatanda biz, təbii ki, danışıqlar masası arxasına qayıdacağıq: “Yeri gəlmişkən, döyüş əməliyyatlarının lap əvvəlindən Azərbaycan deyirdi ki, biz danışıqlar prosesindən çıxmırıq, biz siyasi nizamlamaya ümid edirik, lakin bu, nizamlama olmalıdır. Biz daha 30 il gözləyə bilmərik ki, Ermənistana nə vaxt müvafiq təsir göstəriləcək”.

Dövlət başçısı Türkiyənin vasitəçilik fəaliyyəti barədə səslənən fikirlərə münasibətini bildirib: “İndiki vasitəçilik missiyasının 28 il ərzində heç bir nəticəyə gətirib çıxarmaması, fəaliyyətsizliyə, mövcud vəziyyətə gətirib çıxarması nəzərə alınmaqla biz, əlbəttə, praqmatik yanaşmanı əsas götürməliyik – eskalasiyanın azalması, möhkəm sülhün bərqərar olması, əməkdaşlığın inkişafı üçün regionda baş verən hadisələrə kimin real müsbət təsir göstərə biləcəyini nəzərə almaqla, şübhəsiz, fəal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəçilik missiyasında Türkiyənin böyük ölkə kimi, bizim qonşumuz, Cənubi Qafqazda qonşumuz kimi iştirak etməyə tamamilə haqqı var. Əlbəttə, hesab edirəm ki, bunlar, ilk növbədə, Türkiyə və Rusiyadır”.