Vaslav Havel Fondunun direktoru:“Məxməri inqilabda liderin kimliyi böyük əhəmiyyət daşıyır”

Vaslav Havelin təşəbbüsü ilə yaradılan “Forum 2000” hüquq müdafiə və maarifçi fondun icraçı direktoru Yakub Klepal Litvanın “Delfi” qəzetinə müsahibə verib.

Azpost.info bildirir ki, nəşrin həmsöhbəti 1989-cu ildə baş verən hadisələri xatırlayıb: “Mənim onda 13 yaşım var idi. Anam əvvəldən nümayişlərə gedirdi. Evdə isə başına bir iş gəlsə, nə etməli olduğumuzu bizə başa salırdı. Hadisələr daha intensiv şəkil aldıqdan sonra valideynlərimiz bizi də özləri ilə götürməyə başladılar. Vaslav meydanındakı nümayişlərdə biz də iştirak etmişik. Məktəbdə isə kiçik iclaslar təşkil edir, müəllimlərlə baş verən hadisələri müzakirə edirdik”.

Jurnalist Natalya Frolova qeyd edir ki, Məxməri inqilab kimi tarixi məqamlarda etiraz lideri rolunda çıxış edən şəxsin kimliyi böyük əhəmiyyət daşıyır: “Sosialoqların fikrincə, müasir Rusiyada insanlar potensial siyasi lider rolunda heç kimi görmür, bu da Vladimir Putini geniş populyarlıqla təmin edir. Vaslav Havel yazıçı və dramaturq kimi siyasətdən uzaq bir şəxs hesab edilsə də, o vaxtkı Çexoslavakiyada etiraz liderinə çevrilə bildi. O bunu necə bacardı?”

“Məsələ ondadır ki, Məxməri inqilaba kimi Havel uzun illər hüquq müdafiəçisi kimi fəaliyyət göstərib, dissident hərəkatda aktiv iştirak edib, onu bir neçə dəfə həbs ediblər. O, güclü şəxsiyyət olub. Əlbəttə, onun da zəif cəhətləri olub, lakin əsas məsələ odur ki, Qavel heç vaxt hakimiyyətlə kompromisə getməyib. Bundan başqa, siyasətçi olmaq Qavelin qanında idi. O, həmişə insanlarla dil tapa bilirdi, çox təvazökar idi, eyni zamanda insanları cəlb edən qeyri-adi xarizmaya sahib idi”, – deyə Klepal sualı cavablandırıb.

Ardınca ekspert səhvsiz keçid dövrünün olmadığını vurğulayıb: “Əsas üç səhv görürəm. Birincisi, kommunist keçmişlə sövdələşmədir. Cəmiyyət olaraq ona çox təmkinli davranmışıq. Və bu da indi öz sözünü deyir. Məncə, o vaxt, 90-ların əvvəlində daha sərt fəaliyyət göstərməli idik. Təəssüf ki, bu fürəsti əldən verdik. İkinci də vacib səhvdir: hüququn aliliyi sahəsində çatışmazlıq var idi. Əsas vurğunu iqtisadi dəyişikliklərə edirdik. Həmin məqamda hüququn aliliyi prinsipinin ictimai həyatın əsası olduğunu lazımınca qiymətləndirmədik, başa düşmədik. Getdikcə özünü daha çox göstərən üçüncü problem isə təhsildir. İndi keçid dövrünün başlanğıcında olsaydım, təhsil islahatına xüsusi diqqət ayırardım”.

Bütün bu problemləri, habelə Çexiyanın Rusiyanın mənfi təsirindən asılılığını nəzərə alan Klepal qeyd edib: “Çexiya bu baxımdan ciddi zərər görüb. Ölkə prezidenti Miloş Zemanın Rusiya ilə sıx əlaqələri var. Yenə də vəziyyətin ümidsiz olmadığını düşünürəm. Çexiyanın xüsusi xidmət orqanları son illər çox şey öyrəniblər. Onlar təsir mənbəyini və Rusiyanın hansı yollarla ölkəyə təsir etməyə çalışdığını müəyyənləşdirmək iqtidarındadırlar”.

Jurnalist qeyd edib ki, son 30 il ərzində Mərkəzi və Şərqi Avropa ölkələri Avropaya geri qayıda bilib: “Onlar “böyüyüblər” və indi onların səsləri həm Avropa qurumlarında, həm NATO-da daha əmin eşidilir. Bütün bunlar Avropada balansın dəyişməsinə səbəb olacaqmı?”

Həmsöhbət bu sualı belə cavablandırıb: “Düşünürəm ki, məsələn, Mərkəzi Avropa hansısa vacib, əhəmiyyətli mövzudan bəhs edəndə və bunu aydın şəkildə ifadə edəndə səsi yaxşı eşidilir. Müsbət proqram təklif etmək həmişə alınmır. Bu da bəzən problemə çevrilir. Məsələn, biz, Vışeqrad ölkələri küncə çəkilir, özümüzü konstruktiv aparmırıq. Və şikayətlənməyə başlayırıq. Hələ də axıra kimi başa düşməmişik ki, AB birgə layihədir. Biz həmin layihədə yekun nəticəyə təsir göstərə bilərik. Əlbəttə, bəzən məğlub oluruq. Lakin məqsədimizi dəqiq formalaşdırsaq, tərəfdarlarımızın dəstəyini qazansaq, təcrübəninin də göstərdiyi kimi, daha çox uğur əldə edəcəyik”. (Xpressa)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstan hökuməti ölkədə “Avro-5” standartını təxirə salıb

Sonrakı məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi 23 dəfə pozub