Vüqar Bayramov: “Münaqişənin həlli regiona daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacaq”

10 Noyabr 2020 - 15:24

“Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Tarixi gündür. Razılaşmada nəzərdə tutulan şərtlər barədə geniş məlumat verildiyindən, qeyd etmək istərdim ki, bu bəyanatda Dağlıq Qarabağla bağlı hər hansı statusun nəzərdə tutulmaması münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli deməkdir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, növbəti 20 gündə Azərbaycanın daha 3 rayonu azad olunacaq və işğalçı ölkənin qoşunları ərazimizi tərk edəcək: “Artıq erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına başlanılıb. Digər tərəfdən, Rusiya sülhməramlıları ilə yanaşı qardaş Türkiyə ordusu da Azərbaycana gəlir. Anlaşmada Dağlıq Qarabağa xüsusi status nəzərdə tutulmadığı üçün Qarabağda yerləşən bütün şəhərlər və kəndlər Azərbaycan ərazisindəki yaşayış məntəqələri kimi iştirakçı ölkələr tərəfindən rəsmən qəbul olunur”.