Xəzərdə təhlükə artır:Alimdən küləkli havada dənizə girməklə bağlı ciddi xəbərdarlıq

Xəzər dənizində su səviyyəsinin son illərdə enməsi və sahil xəttinin dəyişməsi çimərliklərdə yeni təhlükələr yaradıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, xüsusilə küləkli hava şəraitində yaranan güclü əks-axınlar və dəniz dibində formalaşan gözlənilməz dərinliklər boğulma riskini əhəmiyyətli dərəcədə artırır.

AzPost.info xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov AZƏRTAC-a açıqlamasında bildirib ki, Xəzərdə su səviyyəsinin enməsi nəticəsində sahilboyu ərazilərdə əvvəllər mövcud olmayan təhlükəli zonalar yaranıb.

Onun sözlərinə görə, suyun geri çəkilməsi ilə əvvəllər dənizin altında qalan sahələr üzə çıxıb. Bu ərazilərdə mürəkkəb sualtı relyef, qəfil dərinliklər və güclü əks-axınlar formalaşıb ki, bu da xüsusilə rəsmi çimərlik olmayan yerlərdə çimən insanlar üçün ciddi təhlükə yaradır.

Əks-axınlar boğulma riskini artırır

Alim qeyd edib ki, boğulma hadisələri yalnız icazəsiz çimərliklərdə baş vermir. Rəsmi çimərliklərdə də şəxsi məsuliyyətsizlik, spirtli içki qəbulu və qəfil sağlamlıq problemləri faciə ilə nəticələnə bilər.

Səid Səfərovun sözlərinə görə, ən böyük təhlükələrdən biri küləkli havada yaranan güclü əks-axınlardır. Küləyin təsiri ilə sahilə doğru hərəkət edən su müəyyən relyef sahələrində toplanır və daha sonra dar zolaq boyunca yüksək sürətlə yenidən açıq dənizə doğru çəkilir.

Belə vəziyyətdə insanlar adətən axına qarşı üzməyə çalışırlar. Lakin bu, onların qısa müddətdə taqətdən düşməsinə və boğulma təhlükəsi ilə üzləşməsinə səbəb olur.

Dəniz dibində yaranan dərinliklər də təhlükəlidir

Mütəxəssis bildirib ki, bəzi ərazilərdə dəniz dibindən qum və digər çöküntülərin çıxarılması nəticəsində yaranan dərin boşluqlar da ciddi risk mənbəyidir.

Bu cür yerlərdə suya girən şəxs qəfil dərinliyə düşə bilər. Bu isə xüsusilə üzməyi bacarmayan insanlar üçün həyati təhlükə yaradır. Hətta yaxşı üzən şəxslər belə gözlənilməz dərinliklə qarşılaşdıqda panikaya düşə bilərlər.

Küləkli havada dənizə girməyin

Coğrafiyaşünas alim son günlər müşahidə olunan küləkli hava şəraitinin çimərliklərdə təhlükəni daha da artırdığını vurğulayaraq vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edib.

Onun sözlərinə görə, imkan daxilində küləkli günlərdə dənizə girməkdən çəkinmək lazımdır. Son vaxtlar baş verən boğulma hadisələri hər kəs üçün ciddi xəbərdarlıq olmalıdır.

Mütəxəssis bir daha xatırladıb ki, çimərlik üçün nəzərdə tutulmayan ərazilərdə suya girmək, təhlükəsizlik qaydalarına əməl etməmək və küləkli havada çimmək həyat üçün ciddi risk yaradır. Buna görə də vətəndaşların yalnız nəzarət olunan rəsmi çimərliklərdən istifadə etməsi və xilasedicilərin xəbərdarlıqlarına əməl etməsi vacibdir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.