Xamneyi fələstinliləri Trampın sülh planına qarşı çıxmağa çağırıb

06 Fevral 2020 - 22:19

İranın ali dini rəhbəri fələstinliləri ABŞ-ın İsrail-Fələstin sülh planına qarşı çıxmağa çağıraraq, Fələstinin silahlı qruplaşmalarına bacardığı qədər dəstək verəcəyini deyib.

“Fələstinin silahlı qruplarının müqaviməti davam etdirəcəyinə inanırıq və İslam Respublikası bu qruplara dəstəyi vəzifəsi hesab edir” – deyə, Ayətulla Əli Xameneyi özünün veb səhifəsində bildirib.

“Beləliklə, bacardığımız qədər onları dəstəkləyəcək və bu, İslam sisteminin və İran millətinin istəyidir” – deyə, o yazıb.

Trampın keçən ay açıqladığı planına əsasən, İsrailə İordan çayının qərb sahilində, habelə strateji İordaniya vadisindəki bütün yəhudi yaşayış məntəqələrini ilhaq etməyə icazə veriləcək. Fələstinlilərə isə Qəzza, İordan çayının qərb sahilinin bəzi hissələri və İsrailin az sayda insanların yaşadığı bəzi ərazilərini idarə etmək təklif edilib.

Xameneyinin sözlərinə görə, Trampın planı Amerikaya zərər verəçək, belə ki, fələstinlilər israilliləri və amerikalıları cihad yolu ilə uzaq durmağa məcbur edəcək.