Xaricdə doktorantura pilləsi üzrə prioritet istiqamətlər

- Açıqlandı
18 Noyabr 2019 - 14:16

“Doktorantura təhsili bütün ixtisas sahələrini ehtiva edir”.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı mətbuat konfransında çıxış edən Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli məlumat verib.

O qeyd edib ki, Nazirlər Kabinetinin may ayında verdiyi Qərara görə, bu təhsil pilləsi üzrə prioritet istiqamətlər müəyyənləşdirilib: “Burada bir sıra ixtisaslar var. Təbiət ixtisasları üzrə riyaziyyat, mexanika, astronomiya, fizika, kimya, biologiya, yer elmləri üzrə coğrafiya, aqrar elmlər üzrə kənd təsərrüfatı, səhiyyə ixtisasları üzrə – tibb elmləri, əczaçılıq, səhiyyənin idarə edilməsi, texniki və texnoloji ixtisaslar üzrə – texnika elmləri, iqtisadiyyat üzrə – iqtisadiyyat elmləri, təhsil ixtisasları üzrə – pedaqogika, psixologiya, təhsilin idarə edilməsi, humanitar və sosial ixtisaslar üzrə – tarix, sosiologiya, hüquq elmləri prioritet kimi nəzərdə tutulub”.