Forumda Azərbaycan elminin inkişaf etdirilməsi istiqamətində maraqlı müzakirələrin aparılacağına əminik. Tədbir çərçivəsində ən vacib məqam Azərbaycandan kənarda yaşayan alimlərimizlə inteqrasiya məsələsidir.
Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun açılış mərasimində səsləndirib.
Elm və Təhsil Nazirliyi tərəfindən göstəriləcək dəstək və imkanlar barədə danışan nazir transformasiyanın ən böyük problem olduğunu qeyd edib. Təbii ki, elmi rəqəmlərlə ölçmək mümkün deyil. Azərbaycan üçün elm və təhsil sahəsində müəyyən problemlər var. Lakin son on il ərzində bu sahədə xeyli müsbət işlər görülüb.
Onun sözlərinə görə, vacib məqamlardan biri də çərçivənin müəyyən edilməsidir: “Yəni biz Azərbaycan elmini harada görürük və harada görə bilərik? Gözləntim dünyada yaşayan azərbaycanlı alimlərimizin verəcəkləri töhfə il bağlıdır”.
Azərbaycan elminin inkişafı üçün prioritetlərin müəyyən edilməsinin vacibliyini vurğulayan E.Əmrullayev deyib: “Kifayət qədər ictimai müzakirələr var. Dövlət tərəfindən təhsillə bağlı müxtəlif proqramlar həyata keçirilir. Proqram çərçivəsində təhsil alan gənclərimizin ölkəyə qayıtması və öz biliklərini paylaşması vacibdir”.
Nazir bildirib ki, xaricdə yaşayan alimlərimizdən gözləntilərimiz çoxdur.
“Qarabağ Universiteti tezliklə mindən artıq tələbənin iştirakı ilə yeni tədris ilinə başlayacaq. Ali təhsil ocağında təhsil və elmi tədqiqatlara mütəxəssislər cəlb edilib. Onlara dəstək lazımdır”, – deyə Emin Əmrullayev vurğulayıb.