Nazir Əbülfəs Qarayev 2 milyon manat “otkat”ı necə alıb? –Xidmət rəisinin istintaqa ifadəsi

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun məhkəmədə verdiyi ifadələr məlum olub.

Z. Sultanov mənimsənilən pulların çoxunun sabiq mədəniyyət naziri Əbülfəs Qarayevə verildiyini bildirib. Hətta məhkəmə dövründə də Z. Sultanov dəfələrlə Ə. Qarayevin məhkəməyə dəvət olunaraq ifadə verməsini tələb edib. Lakin onun vəsatətləri təmin edilməyib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Zakir Sultanov bildirib ki, 2006-cı ildə Əbülfəs Qarayevin təklifi ilə vəzifəyə gətirilib. O, Ə. Qarayevlə şəxsən 2005-ci ildə tanış olduğunu qeyd edib. Rəis olduğu dövrdə vəzifəsi tikinti aparılan layihələrə nəzarət funksiyasını həyata keçirmək olub. Layihələrin maliyyə hissəsinə qarışmayıb, həmin vəzifədə 2014-cü ilin dekabr ayına kimi xidmət edib. 2014-cü ilin dekabr ayında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaranıb və həmin xidmətin rəisi vəzifəsinə təyin edilib:

“2015-2020-ci illər ərzində Mədəniyyət Nazirliyində çoxlu sayda tender layihələri keçirilib. Rəis olduğum xidmətdə Mədəniyyət Nazirliyinin bir neçə layihəsinə nəzarət etmişəm. 2015-ci ildən sonra isə rəisi olduğum xidmətin adından da bir neçə şirkətlə tender müqavilələri bağlamışam. Nazirin tapşırığı ilə onun tanışı olan Şamxalın Mədəniyyət Nazirliyinin tenderində iştirakını və qalib gəlməsini təşkil etmişəm. Əvəzində isə Şamxalla aramızdakı razılığa əsasən onun hesabına müqavilədə nəzərdə tutulmuş məbləğ köçürüldükdən sonra 18 faiz ƏDV çıxılmaqla ümumi məbləğin 20 faizi “otkat” şəklində mənə geri qaytarılmalı idi.

2018-ci ildə bağlanmış müqavilə üzrə bizə geri qaytarılan pul ümumilikdə 900 000 manat idi. Həmin puldan 700 000 manat hissəsini sabiq Mədəniyyət nazirinin göstərişi ilə ona xidməti otağında vermişəm, 200 000 manat pulu özümə götürmüşəm. Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin təmir-tikintisi ilə əlaqədar bağlanmış müqaviləyə əsasən 533 000 manat, həmçinin Tovuz rayonu Mədəniyyət evinin təmir-tikintisi ilə əlaqədar bağlanmış müqaviləyə əsasən 2020-ci ildə 218 000 manat pul alınıb. Ümumilikdə alınan 751 000 manat pulun 600 000 manat hissəsini Əbülfəs Qarayevin göstərişi ilə xidməti otağında ona təhvil vermişəm. 151 000 manat pulu isə özünə götürmüşəm. Masallı rayon Mədəniyyət evində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə layihədən 300 000 manat pul qalıb. Həmin pulun 240 000 manat hissəsini sabiq Mədəniyyət nazirinin göstərişi ilə ona vermişəm, 60 000 manat pulu özümə götürmüşəm. Lənkəran rayonu Mirəhməd xanın evində təmir işlərinin keçirilməsi ilə əlaqədar 2011-ci ildə bağlanmış müqaviləyə 200 000 manat pul alınıb. Həmin pulun da 160 000 manatını sabiq Mədəniyyət nazirinə vermişəm. Bərdə şəhərində “Allah-Allah” türbəsinin təmir-bərpası ilə əlaqədar 2012-ci ildə bağlanmış müqaviləyə əsasən 5 il ərzində ümumilikdə 450 000 manat pul alınıb. Həmin pulun da 360 000 manatnı Əbülfəs Qarayevə vermişəm, 90 000 manatını isə özümə götürmüşəm.

Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhərində Azərbaycanla bağlı yeni binasının tikintisi ilə bağlı layihə üzrə gələn 255 950 manat puldan Əbülfəs Qarayevə 200 000 manat pul vermişəm. Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən 11 nömrəli musiqi məktəbinin tikintisinin keçirilməsi ilə əlaqədar 80 000 manat pul almışam, həmin puldan 60 000 manatını Əbülfəs Qarayevə vermişəm. Bunlardan başqa daha bir böyük layihədən gələn 240 000 manat pulun da 192 000 manatnı Əbülfəs Qarayevə təqdim etmişəm”.

Qeyd edək ki, Z. Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Z.Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib. (Lent.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çində Qış Olimpiya oyunları başlanır

Sonrakı məqalə

““Omikron” ştammı sağlamlıq üçün daha az təhlükəlidir” –