XİN Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi– Bu bölgələrə səfər etməyin və işləməyin!

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə çalışan və ya səfər edən Azərbaycan vətəndaşlarına növbəti dəfə ciddi xəbərdarlıq edib.

Azpost.info -ya daxil olan Nazirliyin yaydığı açıqlamada bildirilir ki, dəfələrlə edilən rəsmi xəbərdarlıqlara baxmayaraq, münaqişə zonalarında fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları təəssüf doğuracaq şəkildə davam edir.

Qara dəniz hövzəsində təhlükə artır

XİN vurğulayır ki, xüsusilə Qara dəniz hövzəsində davam edən hərbi əməliyyatlar fonunda təhlükəsizlik vəziyyəti son dərəcə həssas olaraq qalır.

Açıqlamaya əsasən, pilotsuz uçuş aparatları (PUA), raketlər və digər silahlardan istifadə edilməsi mülki gəmiçiliyə də ciddi risk yaradır. Hərbi əməliyyatların coğrafiyasının genişlənməsi nəticəsində mülki gəmilər və onların ekipaj üzvləri üçün təhlükə əhəmiyyətli dərəcədə artıb.

Vətəndaşlara çağırış

Nazirlik Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməməyə çağırıb.

Eyni zamanda, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmamaq, eləcə də bu marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, o cümlədən dəniz gəmilərində işləməmək tövsiyə olunub.

Rəsmi xəbərdarlıqlara əməl edin

XİN vətəndaşlara rəsmi təhlükəsizlik xəbərdarlıqlarını diqqətlə izləməyi, zərurət yarandıqda isə Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları ilə əlaqə saxlamağı tövsiyə edib.

Nazirlik bir daha vurğulayıb ki, təhlükəli bölgələrə səfər və ya həmin ərazilərdə fəaliyyət göstərmək insanların həyatı və sağlamlığı üçün ciddi risk yarada bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.