Xüsusi təyinatlı aprel döyüşü barədə filmi saxta adlandırdı:”Filmdə hətta məni də “öldürüblər”

Son günlər Azərbaycan KİV-lərində erməni kinorejissor Civan Avetisyanın aprel döyüşlərindən bəhs edən “Cənnətə açılan qapı” (“Gate to Heaven”) filmindən bəhs edilir. Film 2016-cı ilin aprel ayında baş vermiş 4 günlük müharibə zamanı Tərtər rayonunun ermənilər yaşayan Talış kəndində gedən döyüşlər haqqındadır.

Azpost.info bildirir ki, filmin yayımlanan bəzi döyüş səhnələrində erməni əsgərlərinin kəndi necə “müdafiə etdikləri”, hətta döyüşdə çox sayda Azərbaycan xüsusi təyinatlısını “öldürmələri” əksini tapıb.

Filmdə dinamik döyüş səhnələri çəkilsə də ermənilər öz ənənələrinə sadiq qalaraq şişirtmələr edib, faktları təhrif edərək, dəyişdirilmiş şəkildə öz ictimaiyyətlərinə sırımağa çalışıblar.

Talış kəndi uğrunda gedən döyüşlərin iştirakçısı olmuş, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusu Sərxan Məmmədov “AzeriDefence”yə deyib ki, sözügedən filmdə “ermənilər onu və Ağasəmi Şahgəldiyevi “öldürüblər””.

Sərxan Məmmədov filmdə, Talış kəndinin içində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin “məhv edilməsi” epizoduna da toxunaraq, bildirib ki, burada gerçək məhv edilən erməni xüsusi təyinatlı qrupudur: “Talış kəndinin içində oranı götürəndə bir itki belə vermədik. Lakin sonradan çıxanda bir döyüşçü yoldaşımız  – Qarayev Dilsuz şəhid oldu. Filimdə belə bir epizod var ki, ermənilər evin içərisindən çıxıb bizi “məhv edirlər”.  Filmdə elə göstəriblər ki, guya məni də öldürüblər. Çantamdan da baş çıxıb. Digər döyüşçü yoldaşımızın üstündən mobil telefon götürüblər.  Talış kəndinə girənlərin heç birində telefon olmayıb.  Bu hadisə əslində belə olub: Biz kəndə girəndə bir qrup erməni hərbçisi kəndin kənarındakı evlərdə mövqe tutmuşdular. Ağasəmi əlaqəyə çıxıb bizi köməyə çağırdı. Biz ora çatanda gördük ki, Ağasəminin qrupu onları məhv edib. Sağ qalmış 2-3 erməni də qaçıb meşəliyə girib. Filmdə isə belə bu səhnə yuxarıda dediyim kimi fərqli verilib. Ermənilər evdən çıxıb guya bizi “qırıblar””.

Məmmədov deyir ki, filmdə ermənilərin göstərdikləri səhnələrin heç biri real deyil: “Orda bir səhnə var. Bizimkilər maşını pusquya salırlar. O hadisə aprel döyüşlərindən əvvəl olmuşdu. Bunu rəhmətlik Pəncəli Teymurov Gülüstan kəndi istiqamətində etmişdi və həmin əməliyyatda ermənilərin yüksək rütbəli zabitini – tabor komandirini öldürdülər. Filmdə güya bunlar gəlir eyni qaydada bizim posta basqın edirlər, “sanitarka”nı partladırlar və orada olanları öldürürlər. Reallıqda onların belə bir “cavab” tədbiri olmayıb”.

Sərxan Məmmədovun sözlərinə görə, ermənilər özlərini filmdə qəhraman kimi göstərməyə çalışıblar. Hətta erməni xüsusi təyinatlıları bizim götürdüyümüz səngərə girirlər: “Həmin səngərdə bizimkilərdən Murad, Samid, Babək, Məhəbbət, Pəncəli, Mühid və digərləri olublar. Əslində bizimkilər səhərə qədər vuruşublar. Ermənilər o səngəri tanklarla atəşə tutduqdan sonra ələ keçiriblər. Əsgərlərimiz şəhid olacaqlarını bilə-bilə səngəri tərk etməmişdilər”.

Xüsusi təyinatlı deyir ki, ermənilər öz uğursuzluqlarını ört-basdır edərək, qəhrəmanlıq nümunəsi kimi göstərən filmlər çəkdikləri halda, Azərbaycanda müharibə mövzusuna kinomotoqrafiya diqqət ayırmır. Bu da son nəticədə cəmiyyətdə “biz məğlub olduq”, “erməni güclüdür” və s. bu kimi fikirlərin yaranmasına gətirib çıxarır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gəncədə İstintaq Təcridxanasında intihara cəhd olub

Sonrakı məqalə

İlham Əliyev bir qrup tələbəyə Prezident təqaüdü verilməsi barədə sərəncam imzalayıb