Yəməndə hava limanında partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb

30 Dekabr 2020 - 17:27

Yəmənin Ədən hava limanında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. Bildirilib ki, partlayış nəticəsində ən azı 27 nəfər həlak olub. Yaralıların da sayı artıb və onların arasında yerli rəsmilər, o cümlədən ölkənin nəqliyyat nazirinin müavini də var. 

Qeyd edək ki, Yəmənin Ədən hava limanında partlayış olub. Partlayış hökumətin yeni üzvlərini daşıyan təyyarə hava limanına endikdən sonra baş verib.

“Sky News”un xəbərinə görə, uçuş zolağında və hava limanının gözləmə zalında partlayış olub. Partlayışlardan sonra ərazidə atəş səslərinin eşidildiyi bildirilib. Yeni Baş nazir Maeen Abdulmalik də daxil olmaqla hökumət rəsmiləri təhlükəsiz şəkildə prezident sarayına çatıb.