YAP-ın iki rayon təşkilatının sədri vəzifəsindən azad edilib

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Bu barədə YAP-dan məlumat verilib. İclası açıq elan edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov cari ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərdə deputat mandatı qazanmış partiya üzvlərini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra iclasın gündəliyində duran məsələlərə baxılıb. İclasda ilk olaraq Vüqar Gəncəli oğlu Rəhimzadənin YAP Xətai rayon təşkilatının, Samir Əhməd oğlu Vəliyevin isə YAP Nərimanov rayon təşkilatının sədri vəzifəsindən azad olunması məsələsinə baxılıb. YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu məsələ partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamənin tələblərindən irəli gəlir. Hər iki şəxs Milli Məclisin deputatı seçildiyi üçün rayon təşkilatının sədri vəzifəsindən azad olunmalıdırlar. Onların partiya işində xidmətlərini yüksək dəyərləndirən Tahir Budaqov hər iki şəxsə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilmək üçün YAP yerli təşkilatlarının təqdimatlarına baxılıb. Məsələ haqqında YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri – Azər Badamov, Mübariz Qurbanlı, Eldar İbrahimov, Musa Quliyev, Bahar Muradova, Hikmət Məmmədov, Bayram Aslanov və Arif Rəhimzadə çıxış etdikdən sonra müvafiq qərar qəbul olunub.

İclasın sonunda cari məsələlər müzakirə edilib. Ölkəmizin növbəti mühüm siyasi proseslər ərəfəsində olduğunu deyən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qarşıdan bələdiyyə seçkilərinin gəldiyini və partiyanın bu seçkilərə də yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb.

Əvvəlki məqalə

“Yeddi oğul istərəm” filminin çəkildiyi məkanlar 54 ildən sonra –

Sonrakı məqalə

Bakıda 171 nömrəli marşrut sabahdan fəaliyyətini dayandırır