Yapon alimləri ömürlük immunitet yaradan vaksin hazırlayır

01 Yanvar 2022 - 12:50

Tokio Tibbi Elmlər İnstitutunun tədqiqatçılar qrupu insan orqanizmini bütün həyatı boyu qorumağa qadir olan peyvəndin hazırlanması üzərində çalışır.

Bu barədə yanvarın 1-də “The Japan Times” qəzeti məlumat yayıb. Bildirilir ki, peyvəndin sınaqlarına 2023-cü ildə başlanması planlaşdırılır. İnstitutun professoru Miçinori Koharanın rəhbərlik etdiyi qrupun üzvləri peyvəndin hazırlanması üçün ingilis həkimi Edvard Cennerin XVIII əsrdə çiçək xəstəliyinə qarşı düzəltdiyi peyvəndi əsas götürüblər. Həmin peyvəndin hazırlanması zamanı insan üçün təhlükəsiz olan inək çiçək xəstəliyinin virusu əsas götürülüb ki, bu da bəşəriyyətin ölümcül xəstəliyə qalib gəlməsinə kömək edib.

Yapon alimlərin ideyası COVID-19-a səbəb olan SARS-CoV-2 virusunun hüceyrəsinə malik çiçək peyvəndini ehtiva edən virus peyvəndi yaratmaqdır. Onların qənaətinə görə, belə yanaşma koronavirusa qarşı ömür boyu davam edən peyvəndin hazırlanmasına səbəb ola bilər.

Bildirilir ki, siçanlar üzərində quş qripinin geninə malik çiçək peyvəndinin rekombinə edilmiş virusunun istifadəsi ilə aparılan sınaqlar 20 aydan çox davam edən anticisimin yaranmasına səbəb olub. Belə ki, peyvənd edilən bütün siçanlara 20 ay sonra quş qripi yoluxdurulsa da, onlar yaşamaqda davam ediblər.

Müxtəlif peyvənd növləri ilə çalışdığını qeyd edən professor M.Kohara çiçək peyvəndinin onların arasında ən güclüsü olduğunu bildirib. Qeyd edib ki, bu peyvənd əlavə yan təsirlərə malik olmamaqla yanaşı, xüsusi daşınma və saxlanma da tələb etmir.

Bildirilir ki, Yaponiyanın “Nobelpharma” şirkəti bu peyvəndin klinik sınaqlarını 2023-cü ilin birinci yarısında keçirməyi nəzərdə tutur. Bu sınaqlarda həm COVID-19-a yoluxan, həm də tam peyvənd alan 150-200 nəfərin iştirak etməsi palnalşdırılır. Nəticə müsbət olacağı təqdirdə peyvəndin son sınaq mərhələsinə dərhal start veriləcək. Lazımi maliyyə mənbəyi müəyyən ediləcəyi halda 2024-cü ildə bu peyvəndin satışa çıxarılması reallaşacaq.