Yaponiyada 104 yaşlı qadın Olimpiya məşəlini gətirib –

FOTO
31 Mart 2021 - 13:00

Yaponiyada bu yay keçiriləcək “Tokio-2020” Olimpiya və Paraolimpiya oyunlarının məşəl estafeti Fukuşima prefekturasından Toçiqi prefekturasına keçib.

Bu məşəl estafetində qeyri-adi insanlar da iştirak edirlər. Onların sırasında 104 yaşlı xanım Şitsui Hakoşi öz qaçışı ilə tamaşaçıları heyran edib. Yağışlı havaya baxmayaraq, qadın ona aid olan məsafəni böyük ruh yüksəkliyi ilə qət edib.

Bildirilir ki, o, Tokioya 1930-cu ildə bərbər kurslarına qatılmaq üçün gəlib. Lakin heç vaxt 90 il sonra Olimpiya məşəlinin estafetində iştirak edəcəyi və onun ən parlaq simalarından birinə çevriləcəyi barədə düşünməyib.

Qeyd edək ki, 121 gün davam edəcək estafet ölkənin 47 prefekturasının 859 bələdiyyəsinin ərazisindən keçəcək. Estafetdə təqribən 10 min nəfərin iştirak edəcəyi planlaşdırılır.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə yarışların vaxtı bir il sonraya dəyişdirilib və onun iyulun 23-dən avqustun 8-dək təşkili gözlənilir.