Yardımlıda 3 min il yaşı olan qəbirlər tapılıb –FOTOLAR

Yardımlı rayonundakı Kürəkçi kəndi yaxınlığında Komanı yaylaqlarında aparılmış arxeoloji qazıntılar zamanı İlk Tunc dövrünə aid qəbir abidələri üzə çıxarılıb.

Azpost.info bildirir ki, bu barədə AMEA-nın Arxeologiya İnstitutu məlumat yayıb.

Məlumatda deyilir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Yardımlı arxeoloji ekspedisiyası” İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi altında rayonun Kürəkçi, Alar və Arvana kəndləri ərazisindəki yaylaqlarda mövcud olan kurqanlarda qazıntı davam etdirilib.

Komanı kurqanlarından birində aparılmış arxeoloji qazıntılar zamanı sol yanı üstə, az bükülü vəziyyətdə üzü cənub-qərb istiqamətində dəfn edilmiş insan skeleti aşkar olunub. Skeletin yanından tapılmış 1 ədəd sümükdən iy başlığı əmək aləti olmaqla, ipəyirmə sənətində istifadə edilmiş əşyadır.

Komanı yaylaqlarında əvvəlki illərlə birlikdə 4 kurqanın qazıntısı başa çatdırılıb. Bu kurqanlar dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşir.
Rayonun Alar kəndi yaxınlığında Sarıbulaq yaylağında aparılmış arxeoloji qazıntılar zamanı Son Tunc-İlk Dəmir dövrünə aid maddi mədəniyyət nümunələri əldə edilib. Məlum olub ki, Sarıbulaq abidələri əsasən skeletsiz kurqanlar tipinə aid olmaqla boş xatirat (kenotaf) qəbirləridir. Bu kurqanlar dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir.

Arvana kəndi ərazisindəki Qaryatan adlanan yerdə bir kurqanın qazıntısı aparılıb. Qazıntılar nəticəsində qəbir kamerasında zəngin dəfn adətinə rast gəlinib. Diametri 5 m olan, ətrafı kromlexşəkilli düzümlü kurqanın qəbir kamerasında üzü şimal istiqamətində, sol yanı üstə, ayaqları dizdən geri qatlanmış insan dəfn edilib. Qəbir avadanlıqları içərisində saxsı qablar – küpə, boşqab, dopu, tuncdan silah nümunələri — xəncər və rapiraşəkilli qılınc, tunc üzük və müxtəlif formalı pasta muncuqlar aşkarlanıb. Maddi mədəniyyət nümunələrinin forma və müqayisəli təhlillərinə əsasən bu kurqanda həm Xocalı-Gədəbəy, həm də Talış-Muğan arxeoloji mədəniyyətlərinin qarşılıqlı təsirləri üzə çıxıb.

Hazırda kurqandan aşkar edilmiş insan skeleti üzərində antropoloji tədqiqatlar aparılır. Kurqanın İlk Dəmir dövrünə – e.ə. I minilliyin əvvəllərinə aid olması ehtimal edilir.
Bu arxeoloji tapıntılar Azərbaycan tarixinin qədim dövrünə aid zəngin maddi mədəniyyət nümunələridir. Gələcəkdə sistemli olaraq Azərbaycanın cənub-şərq bölgəsində aparılacaq kompleks arxeoloji tədqiqatlar nəticəsində ərazinin yüksək dağlıq və dağətəyi hissəsinin qədim dövr maldar cəmiyyətləri tərəfindən mənimsənilərək məskunlaşması məsələsinə, eyni zamanda ilkin sinifli cəmiyyətlərin formalaşması proseslərinə aydınlıq gətiriləcək.
Ekspedisiya tədqiqat müddətində rayonun Qaravuldaş, Ökü, Ostayır, Perimbel və Honuba kəndlərində də kəşfiyyat xarakerli tədqiqatlar aparmaqla yeni kurqanlar və daş qutu qəbir nekropolları qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah Bakıda 32 dərəcə isti olacaq –

Sonrakı məqalə

“Sevilya” “Qarabağ”la oyuna Nolitosuz gəlir