Yasamalda uşaq bağçası ilə bağlı ciddi iddia araşdırılır– Dövlət Komitəsi açıqlama verdi

Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən azyaşlının səhhətində və davranışında neqativ dəyişikliklərin müşahidə olunması ilə bağlı yayılan məlumatlar aidiyyəti dövlət qurumlarının nəzarətinə götürülüb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Sosial şəbəkələrdə yayılan məlumatlarda azyaşlının səhhətində və davranışında dəyişikliklər müşahidə edildiyi, aparılan tibbi müayinələr zamanı isə onun orqanizmində sağlamlığına mənfi təsir göstərə biləcək maddələrin aşkarlandığı iddia olunur.

Məlumata görə, uşağın valideynləri Dövlət Komitəsinə dəvət olunub və onlardan hadisə ilə bağlı ətraflı məlumat alınıb.

Dövlət Komitəsi bildirib ki, faktın bütün təfərrüatlarının obyektiv və hərtərəfli araşdırılması, həmçinin azyaşlının hüquq və mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər göndərilib.

Hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər görülür.

Araşdırmanın nəticələrinə əsasən qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin görüləcəyi bildirilib.

APA-nın məlumatına görə, 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlanması ilə bağlı iddia da araşdırılır. Məsələ ilə əlaqədar ərazi polis şöbəsində təhqiqat araşdırması aparılır.

Hazırda yayılan məlumatların hüquq-mühafizə orqanlarının araşdırması mərhələsində olduğu bildirilir. Bu səbəbdən uşağın orqanizmində maddənin necə və hansı şəraitdə aşkarlanması ilə bağlı yekun nəticə barədə məlumat yoxdur.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.