Yay imtahan sessiyasının keçirilməsi barədə ali və orta ixtisas müəssisələrinin təklifləri əsasında Nazirlər Kabinetinin və Təhsil Nazirliyin qərarları var və onlar hazırda qüvvədədir.
“Report” xəbər verir ki, bu barədə nazirliyin məlumatında qeyd olunub.
Bildirilib ki, imtahan sessiyasının tamamilə ləğv edilməsi bu dövr ərzində məsafədən tədrisdə iştirak edən on minlərlə tələbələrə və onlara dərs deyən müəllimlərə münasibətdə əsassız və haqsız, habelə qazanılmış kreditlərin tanınmasına, növbəti semestr tələbələrin təqaüd almasına maneə törədə və tələbənin xeyrinə olmayacaq digər nəticələrə səbəb ola bilər: “Bununla belə, buraxılış ilində tədris alan 40 mindən artıq tələbə dövlət imtahanından azad edilib (əvvəlki akademik göstəriciləri əsas götürülməklə).
Sessiyada iştirak etməyə hazır olan, mart-aprel ayından başlayaraq təşkil edilmiş məsafədən tədrisə qoşulmuş 100 mindən artıq tələbə ilə yanaşı bu prosesdə iştirak edə bilməyən tələbələr də var və bu da nəzərə alınır. Məhz bu məqsədlə verdiyimiz qərarda da bu tələbələr üçün avqust-sentyabr aylarında əyani və ödənişsiz şəkildə icmal mühazirələr təşkil olunacaq (bunun üçün tələbələr təhsil aldıqları təhsil müəssisəsinə müraciət etməlidir). Eyni zamanda, bu yay sessiyasının ədalətli və mövcud şəraitin hamı üçün yaratdığı çətinlikləri nəzərə almaqla keçirilməsinə, şikayətlərin operativ şəkildə baxılıb həll edilməsinə Təhsil Nazirliyi bilavasitə nəzarət edəcək”.
Açıqlamada o qeyd edilib ki, hazırda ölkədə hər iki tələbədən biri dövlət hesabına oxuyur:
“Bununla belə, bu dövrdə təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə əlavə dəstək məqsədilə e-teleb.edu.az portalı fəaliyyət göstərir, həmin portalda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr qeydiyyatdan keçərək bu ilin həm yaz, həm də payız semestrləri üçün təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün müraciət edə bilər. Müraciətlərin qəbulu iyunun 10-a qədər davam edir. Növbəti həftədən etibarən tələbələrə müraciətin nəticələri barədə məlumat verilməyə başlayacaq”.