Yay aylarında Azərbaycanda ən çox istehlak edilən meyvələrdən biri qarpızdır. Tərkibində 90 faizdən çox su olan bu meyvə orqanizmi sərinləşdirir, susuzluğun qarşısını alır və vitaminlərlə zəngindir. Lakin dietoloqlar bildirirlər ki, qarpızın bəzi qidalarla birlikdə qəbul edilməsi həzm sistemində narahatlığa səbəb ola bilər.
Azpost.info bildirir ki, mütəxəssislərin sözlərinə görə, qarpız mədədə uzun müddət qalmır və sürətlə həzm olunur. Buna görə də ağır qidalarla birlikdə yeyildikdə fermentasiya prosesi sürətlənə, köp, qaz və mədə ağrıları yarana bilər.
Ən çox diqqət edilməli məqamlardan biri süd məhsullarıdır. Bəzi insanlarda qarpız və südün birlikdə qəbulu həzm pozğunluğuna səbəb ola bilər. Xüsusilə laktoza həssaslığı olan şəxslər bu kombinasiyadan uzaq durmalıdır.
Dietoloqlar qarpızın yağlı kabab, qızartma və digər ağır yeməklərdən dərhal sonra yeyilməsini də məsləhət görmürlər. Belə halda mədə eyni anda müxtəlif sürətlə həzm olunan məhsulları emal etməli olur ki, bu da narahatlıq yarada bilər.
ABŞ-ın Mayo Clinic mütəxəssisləri bildirirlər ki, qarpız sağlam qidalanmanın bir hissəsi olsa da, porsiya ölçüsünə diqqət yetirmək vacibdir. Xüsusilə şəkərli diabet xəstələri meyvəni normadan artıq qəbul etməməlidirlər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə yay aylarında yalnız bütöv, çatlamamış və günəş altında uzun müddət saxlanılmamış qarpızların alınmasını tövsiyə edir. Çünki düzgün saxlanılmayan məhsullarda bakteriyaların çoxalma riski artır.
Mütəxəssislər qarpızı əsas yeməkdən təxminən 30-60 dəqiqə əvvəl və ya yeməkdən 2 saat sonra yeməyi daha faydalı hesab edirlər. Bu zaman həm həzm sistemi rahat işləyir, həm də meyvənin faydalı maddələri daha yaxşı mənimsənilir.
Sunay Aydın