Yay aylarında temperaturun 35-40 dərəcəyə yaxınlaşdığı günlərdə bir çox insan sərinləmək üçün soyuq duş qəbul edir. Bəziləri bunun orqanizm üçün faydalı olduğunu düşünsə də, həkimlər xəbərdarlıq edirlər ki, həddindən artıq soyuq su hər kəs üçün təhlükəsiz deyil. Xüsusilə isti havadan dərhal sonra buz kimi suyun altına girmək ürək-damar sistemi üçün əlavə yük yarada bilər.
Azpost.info xəbər verir ki, kardioloqlar və fizioloqların fikrincə, soyuq duşun təsiri insanın yaşından, sağlamlıq vəziyyətindən və suyun temperaturundan asılıdır.
Soyuq duş bədəndə nə baş verir?
İnsan bədəni qəfil soyuq su ilə təmasda olduqda damarlar daralır, ürək döyüntüsü sürətlənir və qan dövranı dəyişir. Orqanizm istiliyini qorumaq üçün daha aktiv işləməyə başlayır.
Bu proses bəzi insanlarda ayıqlığı artırır, yorğunluğu azaldır və özünü daha enerjili hiss etməyə kömək edir.
Mümkün faydaları nədir?
Mütəxəssislər bildirirlər ki, ölçülü şəkildə qəbul edilən sərin duş bədənin temperaturunu aşağı salmağa kömək edir, məşqdən sonra əzələlərin bərpasını sürətləndirə bilər, qan dövranını aktivləşdirir. Bəzi insanlarda stress hormonlarının səviyyəsini azalda bilər. Yuxululuğu aradan qaldırır.
Kimlər ehtiyatlı olmalıdır?
Kardioloqlar xəbərdarlıq edirlər ki, ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi və damar problemləri olan şəxslər qəfil buz kimi su ilə duş qəbul etməməlidirlər. İsti küçədən evə daxil olan kimi dərhal çox soyuq suyun altına girmək əvəzinə əvvəlcə bədənin temperaturunun bir qədər normallaşması tövsiyə edilir.
Həkimlər yay aylarında 22–30 dərəcə arasında olan ilıq və ya sərin suyun həm təhlükəsiz, həm də rahat seçim olduğunu bildirirlər. Ən yaxşı nəticə üçün suyun temperaturunu tədricən azaltmaq məsləhət görülür.