Özbək yazıçısı Həmid İsmayılov 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatına mümkün namizədlər siyahısına daxil edilib. Siyahıda İsmayılovla yanaşı, Haruki Murakami, Marqaret Etvud, Salman Rüşdi, C.K. Roulinq və Stiven Kinq kimi dünya şöhrətli müəlliflərin də adları yer alır.
Nobel mükafatının xüsusiyyətlərindən biri Ədəbiyyat üzrə mükafata namizədlər və onların namizədliyini irəli sürən şəxslərlə bağlı məlumatların 50 il ərzində məxfi saxlanılmasıdır. Nobel mükafatının rəsmi məlumat bazasında da bildirilir ki, yeni namizədlərlə bağlı məlumatlar yalnız bu müddət başa çatdıqdan sonra açıqlanır.
Bu səbəbdən hazırda Həmid İsmayılovun 2026-cı il Nobel mükafatına rəsmi şəkildə namizəd göstərildiyini təsdiqləmək mümkün deyil.
Həmid İsmayılov özbək və rus dillərində yazır. Əsərləri ingilis, türk, alman və fransız dillərinə tərcümə olunub. O, 2019-cu ildə “The Devil’s Dance” (“Şeytanların rəqsi”) romanına görə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ədəbi mükafatına layiq görülüb. Onun “We Computers” əsəri də AYİB-in 2026-cı il ədəbi mükafatının qısa siyahısına daxil edilib.
Tanınmış özbək şairi, yazıçısı və jurnalisti Həmid İsmayılov 5 may 1954-cü ildə SSRİ dövründə Qırğızıstan SSR-in Frunze vilayətinin Tokmok şəhərində (indiki Qırğızıstanın Çuy vilayəti) anadan olub.
İsmayılov əvvəlcə hərbi rabitə məktəbini, daha sonra Daşkənd Dövlət Universitetinin biologiya, hüquq və menecment fakültələrini bitirib.
1992-ci ildə Özbəkistanı tərk edən yazıçı həmin vaxtdan Londonda yaşayır. 2006-cı ildə onun “Dəmir yolu” romanı tanınmış yazıçı Robert Çandler tərəfindən ingilis dilinə tərcümə edilərək Londonda nəşr olunub.
Həmid İsmayılovun şeirləri isə İnqeborq Baldauf və Ziqrid Klaynmixel tərəfindən alman dilinə tərcümə edilib.
2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi oktyabrın 8-i, cümə axşamı günü Stokholmda elan olunacaq. Qalibə 12 milyon İsveç kronu (təxminən 1,2 milyon dollar) məbləğində mükafat veriləcək.
Mükafatın təqdimetmə mərasimi dekabrın 10-da keçiriləcək.
Ötən il Ədəbiyyat üzrə Nobel mükafatına macar yazıçı Laslo Krasnahorkai layiq görülüb.