Yeltsin Qarabağla bağlı Klintona nə yazıb? –“Bura bizim üçün mühüm yerdir...Bakı və Yerevan anlamalıdır ki...” (MƏXFİ MƏKTUB)

Səkkiz il əvvəl Rusiyanın təhlükəsizlik sahəsində yazılarla çıxış edən “Qlobalaffaris” jurnalı Rusiyanın sabiq prezidenti Boris Yeltsinlə ABŞ prezidenti Bill Klinton arasında  90-cı illərin ikinci yarısında aparılmış qapalı yazışmaların bəzilərini dərc etmişdi.

İki superdövlətin rəhbərlərinin bir-birilərinə yazdıqları məktublarda dünyadakı problemlər və münaqişələrlə bağlı məsələlər müzakirə edilmişdi. Məktubları araşdırarkən onların içində prezidentlərin Dağlıq Qarabağla bağlı yazışmaların da olduğunu görmüşdüm. O zaman bu məktublardan birini tərcümə edib hazırlamışdım.

Arxivimə baxarkən həmin məktub diqqətimi çəkdi.

Bu gün Qarabağla bağlı aparılan danışıqlar dünyanın aktual siyasi problemi kimi beynəlxalq güclərin danışıqlar masasındadır.  Azərbaycanın  torpaqlarının işğaldan azad olunması üçün apardığı bu danışıqlar bir çox hallarda geopolitik maraqların daşlaşmış müstəvisi ilə qarşılaşır.

Bu baxımdan Rusiya prezidenti Yeltsinin Klintona yazdığı məxfi məktub münaqişənin beynəlxalq prioritetlərini bir daha xatırlatmağa imkan verir.  Odur ki, həmin məktubu yenidən oxuculara təqdim etmək qərarına gəldim.

Azpost.info Rusiya prezidenti Yeltsinin ABŞ dövlət başçısı Klintona yazdığı məxfi məktubu təqdim edir:

“Əziz Bill, Qafqaz Moskva üçün mühüm əhəmiyyət kəsb edir”

Prezident Yeltsinin 12 iyul 1997-ci ildə Klintona yazdığı məktubda Cənubi Qafqazdakı mövcud münaqişələri “aktual beynəlxalq problem” adlandırır.

“Əziz Bill” müraciəti ilə başlanan bu yazışmada Yeltsin qeyd edir ki, Cənubi Qafqaz regionu Moskva üçün mühüm əhəmiyyət kəsb edir:
“Tarix elə gətirib ki, Zaqafqaziya bizim maraqlar üçün mühüm region olub. Rus siyasətinin bu regiona yönəlik əsas işi özünün cənub sərhədlərində sabitliyin təmin edilməsidir. Orada bizə dost olan Azərbaycan, Ermənistan və Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı birgə səylərin aparılması mühüm olan məsələdir”-deyə Rusiya prezidenti Klintona yazır.

Yeltsin:hazırkı “nə sülh, nə müharibə” vəziyyəti yeni təhlükələr yaradır”

Qapalı yazışmada Cənubi Qafqazı postsovet məkanında “barıt çəlləyi” adlandıran Yeltsin Klintona yazır ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi bölgədə yeni müstəqil dövlətlərin inkişafına mane olur və bütövlükdə Qafqazda vəziyyəti pisləşdirir: “Sən özün də başa düşürsən ki, bu vəziyyətin belə davam etməsi Rusiya üçün xüsusilə ağrılıdır. Biz BMT və ATƏT-in və digər maraqlı olan dövlətlərin köməyi ilə münaqişəni müsbət istiqamətə yönəldə bilmişik: Atəşkəs rejiminə riayət edilir, müvafiq danışıqlar prosesi aparılır. Amma hazırkı “nə sülh, nə müharibə” vəziyyəti yeni təhlükələr yaradır”.

“Heydər Əliyevi inandıra bildik ki…”

Daha sonra mərhum prezident Heydər Əliyevlə danışıqları barədə Klintona məlumat verən Yeltsin qeyd edir ki, Azərbaycan prezidenti ilə danışıqlar asan keçməyib: “Amma sonda Əliyevlə aramızda anlaşa bildik. Biz Heydər Əliyevi inandıra bildik ki, münaqişənin həll olunması üçün daha çevik və konstruktiv yanaşma vacibdir.  Mən artıq XİN-ə münaqişə tərəfləri ilə bağlı aparılan işi intensivləşdirmək barədə göstəriş vermişəm”.

Bununla da Rusiyanın həlledici söz sahibi olmasına eyham vuran Yeltsin dərhal Klintonun ürəyini almaq üçün diplomatk ifadələrə keçir:
“Əziz Bill, mən istəməzdim ki, sözlərim Rusiyanın Qarabağ məsələsində ayrıca xətt yürütməsi kimi başa düşülsün. Biz danışdığımız kimi gələcəkdə də Rusiya ABŞ və Fransanın iştirak etdiyi formatda hərəkət edəcəyik. Bu xətdən çəkilməyi düşünmürük”.

“Azərbaycan və Ermənistan anlasınlar ki…”

Daha sonra Yeltsin münaqişə tərəflərinə güclü təzyiqlər göstərilməsinə tərəfdar olduğunu yazır: “Vacib olan odur ki, münaqişə tərəfləri boyunlarının ardında bu üç böyük dövlətin nəfəsini daim hiss etsinlər. Azərbaycan və Ermənistan anlasınlar ki, üç dövlət tərəfindən danışıqlar stoluna qoyulmuş sülhə və razılığa aparan rasional və qeyri-standart təkliflərdən başqa onların digər yolu yoxdur. Ümid edirəm ki, biz yuxarıda qeyd etdiyim məsələlər barədə bir-birimizi anlaya bilərik. Biz öz tərəfimizdən ABŞ-la birgə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə işləməyə hazırıq. Hörmətlə B.Yeltsin”. 

Göründüyü kimi böyük dövlətlərin Qarabağla bağlı danışıqlarında daha çox öz sərhədlərinin təhlükəsizliyi və birgə maraq dairələrinin bölüşdürülməsi daha qabarıq nəzərə çarpır.

 X.SƏFƏROĞLU

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK bir bələdiyyədə seçkinin nəticələrini ləğv etdi

Sonrakı məqalə

Tramp Tehranı ittiham etdi: