Yeni İl üçün ƏFV SƏRƏNCAMI imzalanacaq? –Məhkumlardan, hüquq müdafiəçilərindən ərizələr toplanır

İlin sonu yaxınlaşdıqca əfv mövzusu da aktuallaşır. Bu istiqamətdə fərqli mövqelər səslənməkdədir. Bir çoxu ilsonu əfv sərəncamının imzalanacağını ehtimal etsə də, bunun əksini düşünüb qərarın gələn ilin Novruz bayramına saxlanılacağını deyənlər də var.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev nikbin deyil: “Hər ilin sonları yaxınlaşdıqca ənənəvi olaraq cənab prezident tərəfindən əfv sərəncamının imzalanacağı barədə müzakirələr gedir, fikirlər səsləndirilir. Buna biz təbii baxırıq. Çünki uzun illərin təcrübəsi onu göstərir ki, bir qayda olaraq, ya ilin sonunda, ya da Novruz bayramında əfv sərəncamları imzalanıb. Əfv Komissiyasının katibliyi daimi işləyən bir qurumdur. Eyni zamanda bilirsiniz ki, Prezident Administrasiyasında Hüquq-Mühafizə orqanları və müdafiə məsələləri üzrə iş şöbəsində əfv sektoru var. Bu sektor da daimi işləyir. Həm məhkumlardan, həm onların yaxınlarından, həm nümayəndələr və vəkillərindən, deputatlardan, hüquq müdafiəçilərindən, yerli və beynəlxalq QHT-lərdən, həm də komissiya üzvlərindən daxil  olan ərizələrlə bağlı sənədlər toplanır, arayışlar hazırlanır ki, gələcəkdə Əfv Komissiyasına təqdim etsin. Belə arayışlar yetərli qədər hazır olduqda, Əfv Komissiyasının sədri tərəfindən iclaslar çağırıla bilər”.

Komissiya üzvü iclasların keçirilmədiyini də qeyd etdi: “Hazırda komissiyanın iclasları getmir. Çünki Əfv Komissiyasının katibliyi və əfv sektorunun nümayəndələri mütəmadi olaraq işləyirlər. Bizə daxil olan müraciətləri komissiyanın katibliyinə yönləndiririk. Bu proseslər davamedici xarakter daşıyır. İlin sonunda əfv sərəncamının ola biləcəyi barədə deyilənlərə gəlincə, bu barədə qəti bir söz demək çətindir. Çünki bu, ölkə başçısının konstitusion səlahiyyətidir. Şəxsən mən o qədər də nikbin deyiləm ki, ilin sonunda əfv sərəncamı olsun. Çünki bu ilin martında sərəncam olub və o, yetərincə genişmiqyaslı əfv kimi tarixə düşüb. 431 nəfər cəzadan azad edilib. Onların 409-u azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad olunub. Amma unutmayaq ki, bu sərəncam hər an verilə bilər. Gələn ilin martında sərəncamın olacağını düşünürəm. Amma yenə də bu barədə qəti fikir söyləmək həm çətindir, həm də doğru deyil. Bu, cənab prezidentin konstitusion səlahiyyətidir”.

Ə.Nuriyev Əfv Komissiyasının iclaslarının nə zaman start götürəcəyi barədə sualımıza belə cavab verdi: “Bu komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyev tərəfindən çağırılır. Yəni iclaslar komissiyanın sədri tərəfindən müəyyən edilir. İclasların çağırılması üçün hazırlanan sənədlərin tam toplusu, arayışlar lazımdır. Bu istiqamətdə işlər gedir. İndi hər şeyin tam hazır olduğunu demək doğru olmazdı. Tam hazır olmadan iclas çağırmaq da düzgün deyil. Hər şey hazır olandan sonra şübhəsiz ki, komissiyanın rəhbəri tərəfindən iclaslar çağırılacaq”.

Əfv Komissiyasının üzvünə gələn ilin martında əfv verilərsə, bunun uzun zaman olması barədə də sual verdik və o, bu cür cavablandırdı: “Əfv sərəncamının zəruri olub-olmadığı ölkə başçısı tərəfindən müəyyən olunur. Biz komissiya olaraq, sadəcə, prezidentin bu səlahiyyətini həyata keçirməsinin təşkili prosesində iştirak edirik. Artıq bu il ərzində bir sərəncam olub. Qanunvericilik müəyyənləşdirmir ki, mütləq hər il əfv olmalıdır. Bu, prezidentin iradəsindən asılı olan bir məsələdir. Əgər o, lazım bilsə, zərurət görsə, sərəncam imzalanacaq. Ölkə başçısı hər zaman humanizm mövqeyi sərgiləyib, mərhəmət nümayiş etdirib. Dövlət başçısı prezident vəzifəsinə başladığı zamandan indiyə qədər 34 əfv sərəncamı olub. Bu, haradasa 4 mindən çox məhbusun azad olunması ilə nəticələnib. Bundan əlavə, cəzaların humanistləşdirilməsi ilə bağlı prezidentin sərəncamı var. Eyni zamanda ölkənin birinci xanımı, o zaman deputat olan Mehriban xanım tərəfindən amnistiya təşəbbüsü qaldırılıb. 4 amnistiya aktı parlamentdə onun tərəfindən təşəbbüs kimi irəli sürülüb. O məsələlər daimi olan bir prosesdir. Mütəmadi olaraq, cəzaların humanistləşdirilməsi istiqamətində işlər görülür”. (Musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev:

Sonrakı məqalə

Putin Ərdoğanı Rusiyaya dəvət etdi