Yeni Zelandiyada evtanaziyaya icazə verildi

- Parlament qanun layihəsini dəstəklədi
13 Noyabr 2019 - 16:06

Bu gün Yeni Zelandiya parlamenti evtanaziyaya icazə verən qanun layihəsini qəbul edib.

Azərtac “New Zealand Herald” nəşrinə istinadla xəbər verir ki, iki il davam edən qızğın diskussiyalardan sonra parlamentin 70 üzvü qanun layihəsinin leyinə, 50 deputat isə əleyhinə səs verib.

Sənədə əsasən, özünü könüllü şəkildə həyatdan məhrumetmə hüququ yalnız həkimlərin diaqnozuna uyğun olaraq altı aydan az ömrü qalan ağır xəstələrə veriləcək.

Qanun layihəsi qüvvəyə minmək üçün gələn il keçirilməsi nəzərdə tutulan referendumda xalqın dəstəyini qazanmalıdır. İyul ayında keçirilən ictimai rəy sorğusuna görə, yeni zelandiyalıların 72 faizi sağalmaz xəstəliyə düçar olan insanlar üçün evtanaziya prosesini dəstəkləyir.