Yunis Səfərovun məhkəməsində vəsatətlər təmin edilməyib- Proses bu tarixə təyin olunub

Bu gün Sabunçu rayon Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

APA-nın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclasında verilən vəsatətlər müzakirə edilib.

Hakimlər verilən vəsatətləri təmin etməyib və məhkəmə baxışı yanvarın 16-na təyin edilib.

Xatırladaq ki, ötən proses təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlərlə çıxış edərək işdə kobud qanun pozuntuları olduğu üçün cinayət işinin ibtidai istintaqa qaytarılmasını, maddi sübutlara baxış keçirilməsini və bəzi təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlər veriblər.

Həmçinin Yunis Səfərov dövlət tərəfindən verilən vəkildən imtina etdiyini və vəkil Elçin Sadıqovun ona müdafiəçi təyin edilməsini istəyib.

Qeyd edək ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı başa çatdırılıb.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 5 dekabr 2019-cu il tarixdə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.

Onu da qeyd edək ki, cinayət təqibi orqanından qaçıb ölkə hüdudlarından kənarda gizlənən 11 nəfər barəsində isə beynəlxalq axtarış elan olunmaqla barələrində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazirlik pensiyalarla bağlı məlumat yaydı

Sonrakı məqalə

Bəzi aviaşirkətlər İran və İraq üzərindən uçuşları dayandırıb