Zakir Həsənov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

12 Mart 2021 - 12:41

Martın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdadiə Nazirliyindən verilən məlumata görə, müdafiə naziri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında əks-həmlə əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı və torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Ordusu tərəfindən keçirilmiş uğurlu hərbi əməliyyatlar haqqında qonağa məlumat verən nazir bildirib ki, 44 gün davam edən müharibədə ordumuzun qazandığı döyüş təcrübəsi bir çox dünya ölkələrinin orduları və beynəlxalq hərbi ekspertlər tərəfindən öyrənilir.

Müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrini müntəzəm atəşə tutmasını, məqsədyönlü şəkildə dinc əhalini qətlə yetirməsini ciddi pisləyən general-polkovnik Z.Həsənov beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə layiqli qiymət verilməsinin və həmin hadisələri törədənlərə qarşı müvafiq tədbirlərin görməsinin vacibliyini qeyd edib.

Azərbaycanın torpaqlarını işğaldan azad edərək 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsini həll etməsinin Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasına töhfə verəcəyini diqqətə çatdıran Müdafiə naziri Azərbaycan Ordusu tərəfindən postmüharibə dövründə azad edilmiş ərazilərdə keçirilən tədbirlər haqqında da qonağı məlumatlandırıb.

Öz növbəsində, T.Klaar Ermənistan ilə Azərbaycan arasında baş verən bütün silahlı toqquşmaları, xüsusilə də keçən ilin payızında baş vermiş müharibəni diqqətlə izlədiyini qeyd edərək Cənubi Qafqaz regionunda sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O həmçinin bildirib ki, Avropa İttifaqı bu istiqamətdə atılan bütün addımları dəstəkləyir.

Vətən müharibəsində şəhid olan hərbi qulluqçular və mülki şəxslərin ailələrinə başsağlığı verən T.Klaar Azərbaycan Ordusunun bu müharibədə əhəmiyyətli təcrübə qazandığını qeyd edib.

Görüşdə tərəflər həmçinin bölgədə yaranmış yeni vəziyyət, postmüharibə şəraiti və bir sıra digər məsələləri müzakirə ediblər.