Zakir Həsənov antiterror əməliyyatının detallarını açıqladı –"Sülhməramlılar müraciət etdi ki, Ermənistan təslim olmaq istəyir"

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində 2023-cü ilin sentyabrında keçirilmiş antiterror  əməliyyatının bəzi detallarını açıqlayıb. 

 

Nazir deyib ki, Vətən müharibəsi zamanı Azərbaycanın uğurlu əməliyyatlarından biri Ağdam istiqamətində idi: “Ermənistan silahlı qüvvələrinin böyük bir birləşməsi – bizim hesabımızla təxminən 15-18 min nəfərlik şəxsi heyət mühasirəyə düşmüşdü. Biz bu əməliyyatı yekunlaşdırmaq üçün mühasirəyə düşən həmin hərbi birləşmələrin ətrafına toplarımızı, raket sistemlərimizi yığmışdıq və artıq onların zərərsizləşdirilməsi üçün tədbirlərə başlayırdıq. Ermənistanın kapitulyasiya aktına tez qol çəkməsinin səbəblərindən biri də bu idi. Möhtərəm cənab Prezident insanpərvərlik göstərdi və mühasirəyə düşənlərin məhv edilməsinə imkan vermədi. Ona görə də bax, mühasirəyə düşmüş həmin kontingent üçtərəfli Sazişə əsasən Azərbaycanın ərazisini dərhal tərk etməli idi. Ancaq onlar bunu etmədilər, əksinə, təxribatlara əl atdılar, mövqelərini gücləndirməyə başladılar. Bilirsiniz, möhtərəm cənab Prezident çıxışlarında qeyd edirdi ki, antiterror əməliyyatlarının keçirilməsi üçün səbəblər hansılar idi.

Birincisi, bilirsiniz ki, bunlar təxribatlar törədirdilər, qanunsuz seçkilər keçirirdilər. Ermənistan rəsmən bunları təbrik etdi. Bunlar hamısı zəmin yaratdı ki, antiterror əməliyyatı keçirilsin. Bu, birincisi. İkincisi, sual verdiniz ki, bu antiterror əməliyyatının hədəfi kim idi. Xüsusi qeyd etmək istəyirəm, möhtərəm cənab Prezident daim deyir ki, mən yaxşı bilirəm nəyi nə vaxt etmək lazımdır. Cənab Prezident bütün güc strukturlarının rəhbərliyini toplayıb tapşırıq verəndə bir neçə məsələyə xüsusi diqqət yetirirdi. İlk növbədə, Orduya aid təbii olaraq mənə tapşırıq verildi ki, heç bir mülki şəxsə, heç bir mülki obyektə zərbə endirilməsin. Ordu heç bir yaşayış məntəqəsinə daxil olmur. Ordu ancaq və ancaq hərbi birləşmələrə qarşı fəaliyyət göstərir. Digər qurumların rəhbərlərinə – Daxili İşlər Nazirliyinə, xüsusi xidmət orqanlarına, Sərhəd Qoşunlarına tapşırıqlar vermişdi. Qeyd edim ki, bu tapşırıqlar hamısı düzgün verilmişdi. Beynəlxalq qurumların nümayəndələri gəlib bunların hamısını gördülər.

Bununla yanaşı, demək istəyirəm ki, hörmətli Birinci vitse-prezident də humanitar məsələlərə çox ciddi fikir verməyi tapşırmışdı və nəzarətdə saxlayırdı. Antiterror əməliyyatından əvvəl, yəni, kütləvi zərbələrdən əvvəl Qarabağ iqtisadi zonasında yaşayan ermənilərə bir saat əvvəlcədən xəbər verilmişdi ki, hərbi obyektlərdən uzaq dursunlar. Görün, Azərbaycan necə humanistlik nümayiş etdirir. Bu da onu göstərdi ki, Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı ancaq və ancaq erməni silahlı qüvvələrinə qarşı idi. Bilirsiniz, bu yaxınlarda özləri də təsdiqlədilər ki, Qarabağ zonasında yerləşən hərbi birləşmələr erməni silahlı qüvvələrinin tabeliyində olan qurumlar idi.

Mən bir məsələyə də toxunmaq istəyirəm. Bu əməliyyatdan sonra biz külli miqdarda silah-sursat, texnika, 100 mindən çox atıcı silah qənimət götürdük. Bu, nə deməkdir? Bu o deməkdir ki, onlar burada səfərbərlik ehtiyatları yaratmışdılar. Bunların planına əsasən, əgər burada müharibə başlayacaqdısa, onlar Ermənistanın səfərbərlik ehtiyatlarını buraya gətirəcəkdilər və buradakı səfərbərlik ehtiyatlarından istifadə edəcəkdilər. Yəni, biz bunların hamısını artıq bildik və tədbirlərimizi gördük. Bununla yanaşı, antiterror əməliyyatı ilə əlaqədar onu da demək istəyirəm ki, bu əməliyyat çox yüksək səviyyədə təşkil olunmuşdu, xüsusilə də şəxsi heyətin qarşılıqlı əlaqəsi planlaşdırılmışdı və həyata keçirilmişdi. Bütün qurumlar – idarəedici qurumlar, qoşun növləri vəzifələrini o qədər düzgün dərk etmişdilər və peşəkarlıqla icra etmişdilər ki, hər yerdə 1 gün deyilir. İndi mən sizə deyəcəyəm Ermənistan silahlı qüvvələri Qarabağ iqtisadi zonasında neçə saata darmadağın olmuşdu. Möhtərəm cənab Prezidentin tapşırığı ilə bütün bu əməliyyatlar təhlil edilmişdi. Ona görə də indi mən antiterror əməliyyatından danışaraq deyəcəyəm ki, Azərbaycan Ordusu necə peşəkarlıq nümayiş etdirib. Hətta dünyanın aparıcı dövlətləri, hərbi qulluqçuları maraqlanırlar və fikirlərini bildirirlər. Təbii, bu sevindirici haldır ki, biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Açığını deyək ki, biz bu Qələbəni Ali Baş Komandanımızın möhkəm iradəsi nəticəsində əldə etdik.

Nazir Zakir Həsənov bildirib ki, antiterror əməliyyatının başlaması üçün artıq şərait yaranmışdı, onlar bütün təxribatlara əl atırdılar: “Onlar ərazini minalayırdılar. Hətta biz minaları beynəlxalq qurumlara təqdim etdik. Bu minalar müharibədən sonra istehsal olunmuşdu. Bununla yanaşı, mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda olan hərbçilər Ermənistan silahlı qüvvələrinin bir hissəsi idi. Eyni zamanda, təbii ki, onlar yerli əhalidən də istifadə edirdilər. Bunu mətbuatdan da bilirik, onlar özləri də gizlətmirlər. Bir daha vurğulayım ki, antiterror əməliyyatı bir gündən də az davam etdi. Biz saat 13:00-da başladıq, hissə və birləşmələr çox nizamlı şəkildə hərəkət etdilər və Ermənistan birləşmələrinin bütün təminat yollarını dərhal bağladıq, kütləvi zərbələrlə onların bütün hava hücumundan müdafiə, idarəetmə sistemlərini sıradan çıxardıq. Hərbi hissələrin manevr qabiliyyətinin qarşısını aldıq və saat 22:00-da Rusiya sülhməramlı qüvvələrinin rəhbərliyi mənə müraciət etdi ki, Ermənistanın Azərbaycan ərazisində yerləşən silahlı birləşmələri təslim olmaq istəyirlər. Ancaq biz bilirdik, görürdük ki, bunlar manevr üçün vaxt udmaq istəyirlər. Düzdür, onların birləşmələrinin 99 faizi artıq 9 saatdan sonra mühasirəyə düşmüşdü. Biz bunu görürdük. Ancaq bəzi qurumlar var idi. Ona görə də biz etiraz etdik, dedik ki, əməliyyat davam edir. Onların hamısını tam şəkildə zərərsizləşdirdik və mühasirəyə götürdük. Səhər saat 9 idi, biz Müdafiə Nazirliyinin üzərinə düşən vəzifələri artıq yerinə yetirmişdik.

Təkrar müraciət olanda dedik ki, siyasi rəhbərliyə müraciət etsinlər. Onlar müraciət etdilər, Azərbaycanın şərtlərini qəbul etdilər. Mən Ali Baş Komandana məruzə etdim və saat 10-da artıq biz öz üzərimizə düşən vəzifəni yerinə yetirmişdik. Saat 11 üçün tapşırıq aldım ki, hazırlığa başlayın, saat 12-dən atəşkəs elan olunacaq. Yəni, möhtərəm cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri, Daxili İşlər Nazirliyi, xüsusi xidmət orqanları, Sərhəd Qoşunları hamısı birgə qarşılıqlı əlaqədə bu əməliyyatı qısa müddətdə çox peşəkar səviyyədə həyata keçirdi.

Demək istəyirəm ki, biz sonra əməliyyatı dərindən təhlil etdik. Məsələn, cənab Prezident tapşırdı ki, əməliyyatın hər mərhələsini təhlil edin. Necə ki, biz müharibə vaxtı təhlil edirdik, nəticə çıxarırdıq, nöqsanları aradan qaldırırdıq, indi də təhlil edirdik. Məsələn, kütləvi atəş zərbəsi endirirdik, indi torpaqlar azaddır, həmin yerləri bir-bir gəzirdik. Deyim ki, zərbələrin 99 faizindən çoxu hədəfi yüksək dəqiqliklə, nöqtəsinə kimi vurmuşdu. Yəni, biz gördük ki, əgər Vətən müharibəsi vaxtı zərbələrin təqribən 80 faizi dəqiq vurulmuşdusa, artıq bu əməliyyatda onların daha yüksək dəqiqliyinə nail olduq. İndi daha asandır, ərazilər azaddır, gedirsən, baxırsan. Manevr və digər məsələlər düzgün planlaşdırılmışdı, düzgün və vaxtında həyata keçirilmişdi. Yəni, bunlar hamısı bizə bir daha imkan verir deyək ki, əməliyyat yüksək səviyyədə təşkil olunmuşdu və Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi”.

Azpost.info

Əvvəlki məqalə

“Prezident insanpərvərlik göstərdi, mühasirəyə düşənlərin məhv edilməsinə imkan vermədi” –

Sonrakı məqalə

Yaponiya İmperatoru üçün Bukinqem sarayında rəsmi ziyafət verilib