Zakir Həsənov kütləvi qəbirlərlə bağlı videoya aydınlıq gətirdi:

“Əsgər məzarlığında qəbirlər eyni olacaq”
16 Sentyabr 2019 - 17:01

“Mənə məruzə edirlər ki, sosial şəbəkələrdə əsgər qəbiristanlığının yaradılmasını müharibəyə hazırlıq kimi qələmə verirlər. Bunun müharibəyə hazırlıqla heç bir əlaqəsi yoxdur”.

Azpost.info bildirir ki, bu sözləri Müdafiə naziri Zakir Həsənov Real TV-nin “Mir Şahin vaxtı” verilişində Mir Şahinin hərbçilər üçün xüsusi qəbiristanlığın nəzərdə tutulması barədə sualına cavab verərkən deyib.

Nazir bildirib ki, 60-70-ci illərdən həmin ərazidə Sovet hərbi donanmasının bir anbarı olub. Bu əraziyə istifadədən çıxmış avadanlıqlar yığılmışdı. Ora lazımsız bir əraziyə çevrilmişdi.

İkinci Fəxri Xiyaban ərazisinin genişlənməsi ilə bu anbar qəbirlərin ortasında qalmışdı: “Biz qərara gəldik ki, oranı təmizləyək. Təmizləyəndən sonra düşündük ki, ətraf hamısı qəbirlərdir, ordan necə istifadə edək? Təbii ki, qəbiristanlıq ancaq salmaq olardı. Dünya təcrübəsinə baxdıq: ABŞ-da, Avropada, Rusiyada, Gürcüstanda, Latviyada, İsraildə “əsgər məzarlıqları” var, niyə Azərbaycanda olmasın? Bu məzarlıqlarda dəfnin şərtləri də var. Birincisi, yaxınlarının razılığı olmalıdır, ikincisi, qəbirlər eyni cür olmalıdır, bəzək, dəbdəbə qadağandır və s.”

Nazir bildirib ki, orda əsgər məzarlığı yaratmaq niyyətindədirlər.