Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaminbank”ın vəzifəli şəxsləri Anar Osmanov, Şahin İlyasov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror zərərçəkmiş tərəfdən ziyanın ödənilməsi haqda soruşub.
“Zaminbank”ın nümayəndəsi bildirib ki, istintaq orqanı dəymiş zərər kimi 1 milyon 337 min manat göstərib. Bu məbləğ də təqsirləndirilən şəxslər tərəfindən ödənilib.
Nümayəndə əlavə edib ki, göstərilən 1 milyon 337 min manat faiz borcları ilə birlikdə hesablanıb. Bu pul ödənilib və istintaq belə qənaətə gəlib ki, zərər tam ödənilib.
Məhkəmə iclası noyabrın 14-də davam etdiriləcək.
Qeyd edək ki, Şahin İlyasov cinayət məsuliyyətinə cəlb edilənə qədər “Zaminbank”ın “Sumqayıt” filialının müdiri olub. Digər təqsirləndirilən şəxslər isə filialın işçiləri olub.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Məlumata görə onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəyiblər.