“Zaminbank”ın sabiq filial müdiri və işçiləri 1 milyon 337 min manat zərəri ödəyib- Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaminbank”ın vəzifəli şəxsləri Anar Osmanov, Şahin İlyasov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror zərərçəkmiş tərəfdən ziyanın ödənilməsi haqda soruşub.

“Zaminbank”ın nümayəndəsi bildirib ki, istintaq orqanı dəymiş zərər kimi 1 milyon 337 min manat göstərib. Bu məbləğ də təqsirləndirilən şəxslər tərəfindən ödənilib.

Nümayəndə əlavə edib ki, göstərilən 1 milyon 337 min manat faiz borcları ilə birlikdə hesablanıb. Bu pul ödənilib və istintaq belə qənaətə gəlib ki, zərər tam ödənilib.

Məhkəmə iclası noyabrın 14-də davam etdiriləcək.

Qeyd edək ki, Şahin İlyasov cinayət məsuliyyətinə cəlb edilənə qədər “Zaminbank”ın “Sumqayıt” filialının müdiri olub. Digər təqsirləndirilən şəxslər isə filialın işçiləri olub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AQTA qida sahəsində çalışan sahibkarlara səsləndi

Sonrakı məqalə

Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 12-yə çatıb