Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin indiyədək ABŞ-dan aldığı yardımın ümumi məbləğini açıqlayıb.
AzPost xəbər verir ki, Zelenski bu barədə amerikalı jurnalist Ben Şapiraya verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, bu rəqəm 105 milyard dollar təşkil edir.
Dövlət başçısı bildirib ki, yardım tam şəffaf şəkildə sənədləşdirilir və əsas hissəsi hərbi təyinatlıdır.
“Mənim ölkəm nə qədər yardım aldığını açıq şəkildə sənədləşdirir. Bildiyiniz kimi, biz 105 milyard dollar almışıq. Bunun da böyük hissəsi silah şəklində olub”, – deyə Zelenski qeyd edib.
Ukrayna lideri əlavə edib ki, bu silahlar birbaşa döyüş meydanında istifadə olunub. O, bəzi KİV-lərdə yayılan, guya bu silahların bir hissəsinin başqa ölkələrə ötürülməsi ilə bağlı iddiaları isə qəti şəkildə təkzib edib.