Zelenski ikinci dəfə prezidentliyə namizəd olacaq? – Şərtini açıqladı

19.10.2026 · 10:54 · Katogriyasız

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, əgər ölkədə prezident seçkiləri müharibə başa çatmamış keçirilərsə, ikinci müddətə namizədliyini irəli sürməyi öz vəzifəsi hesab edir.

O, bu barədə NBC News telekanalına müsahibəsində danışıb.

“Əgər seçkilər müharibə zamanı keçiriləcəksə, əlbəttə, bu, mənim məsuliyyətimdir. Çünki mən ölkəmi müharibənin əvvəlindən sonuna qədər müdafiə etməliyəm”, – deyə Zelenski bildirib.

Bununla yanaşı, o vurğulayıb ki, seçkilərin keçirilməsi ilk növbədə təhlükəsizlik məsələsindən asılıdır.

“Demişəm ki, əgər müharibə başa çatmasa və Tramp ilə Putin mənim seçkilər keçirməyimi istəyirlərsə, ən azı, 60 günlük atəşkəs elan edilməsini təmin etməlidirlər. Əlbəttə, bu, ilk növbədə xalqımızın seçimidir. Lakin onlar həqiqətən bunu istəyirlərsə, mənim təklifim belədir: bizə heç bir əlavə danışıqlar aparılmadan ən azı 60 günlük atəşkəs verin.

Cəmi 60 gün. Biz qanunvericiliyimizi dəyişdirmək və lazımi təhlükəsizlik infrastrukturunu hazırlamaq üçün əlimizdən gələni edəcəyik. Amma mənə inanın, bu, son dərəcə təhlükəli və həyata keçirilməsi çətin görünür. Çünki bizə ədalətli seçkilər lazımdır. Əsgərlərimizin də səs vermək imkanı olmalıdır. Bu, həqiqətdir: onlar da səs verməlidirlər, çünki ölkəmizi həqiqətən də onlar müdafiə edirlər. Mən məhz bunu demişəm. Əgər siz mənim seçkilərin keçirilməsini istəmədiyimi düşünürsünüzsə, bu, doğru deyil və ədalətsizlikdir. Dünyada hamı bunu başa düşür. Ən azı Avropada belədir və əminəm ki, ABŞ-da da vəziyyət eynidir”, – deyə Ukrayna Prezidenti qeyd edib.

AzPost.az