“Əfqanıstan bizə dərs oldu…” –

Avropa İttifaqının Ali Nümayəndəsi
19 Avqust 2021 - 13:48

“Biz Əfqanıstan barəsində deyirik ki, onlar bunu etməlidir, onlar onu etməlidir. Lakin vacib məsələ odur ki, biz nə edə bilərik? Baş verənlər ABŞ və Qərbin son 20 ildə Əfqanıstandakı fəaliyyəti ilə bağlı suallar yaradır. Biz orada nəyə nail ola bilmişik?”

Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa parlamentinin Xarici işlər Komitəsinin Əfqanıstanla bağlı hibrid formada keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Əfqanıstanda “Əl-Qaidə”yə qarşı mübarizə aparmaq və onu sıradan çıxarmaq əsas məqsəd olub: “Əfqanıstanla bağlı şərh verəndə ilk bu bildirilir. Lakin terrorla mübarizə tədricən Əfqanıstanda müasir dövlətin qurulması üçün səylərin görülməsinə çevrildi. Baxmayaraq ki, ABŞ Prezidenti Co Bayden Əfqanıstanda dövlət qurmağın əsas hədəf olmadığını deyir. Düşünürəm ki, bu mübahisəlidir. Biz Əfqanıstanda müasir dövlət qurmaq üçün çox işlər gördük, səylər göstərdik. Elə bir dövlət ki, orada qanunun gücünə, hüquqi idarəçiliyə, insan haqlarının qorunmasına, xüsusilə də qadınların, qızların, etnik azlıqların hüquqlarının müdafiəsinə zəmanət veriləcəkdi. 20 ildən sonra deyə bilərik ki, biz öz missiyamızın birinci hissəsində uğurlu olduq, lakin ikinci hissədə uğursuzluğa düçar olduq. Bu missiya ilə, bütün baş verənlərlə bağlı özümüzə çətin suallar ünvanlamalıyıq”.

O qeyd edib ki, Əfqanıstanda dövlət quruculuğunun uğursuzluğa məruz qalmasından çıxarılacaq dərslər çoxdur: “Prezidentin resursları vardı. Təkcə bu illər ərzində ABŞ Əfqanıstanda günə 300 milyon dollar xərcləyib, lakin nəticələr göz qabağındadır. Biz Qərb ölkələri olaraq özümüzə sual verməliyik ki, harada səhvə yol vermişik?” (APA)