Rusiya Prezidenti Vladimir Putin Ukrayna hərbçilərini Rusiya tərəfinə keçməyə çağırıb. O, hesab edir ki, ruslar və ukraynalılar vahid xalqdır və iki ölkənin gələcəyi birliyə bağlıdır.
Azpost.info bildirir ki, Putin bu fikirləri məşhur serbiyalı kinorejissor Emir Kusturitsa ilə müsahibəsində səsləndirib. Noyabrın 20-də yayımlanan müsahibə “Bizim xaç suyuna salınmağımız. Patriarx” layihəsi çərçivəsində hazırlanıb.
Kusturitsa Putindən ruslar və ukraynalıların düşmənləri tərəfindən qardaş qırğınına sürüklənmiş vahid xalq olması barədə fikirlərini bir daha izah etməsini istəyib. O, həmçinin Rusiyanın qələbəsinin niyə Ukraynanın maraqlarına uyğun olduğunu düşündüyünü soruşub. Putin sualın həssas olduğunu bildirib və cavabında Rusiyanın tarixi ilə bağlı öz yanaşmasını ortaya qoyub.
“Parçala və hökm sür” siyasətindən danışdı
Rusiya prezidenti qədim Romaya aid olduğu deyilən “Parçala və hökm sür” prinsipini xatırladıb. Onun sözlərinə görə, tarixən Rusiya gücləndikcə onu parçalamaq və nəzarət altına almaq istəyən qüvvələr meydana çıxıb. Putin Napoleonun Rusiyaya yürüşünü, Birinci və İkinci Dünya müharibələrini, nasist Almaniyasının SSRİ-yə hücumunu da bu yanaşma ilə əlaqələndirib. O hesab edir ki, həmin hadisələrdə ideoloji amillər ikinci dərəcəli rol oynayıb, əsas məqsəd geosiyasi maraqların təmin edilməsi olub.
Ukraynanın əhalisinin azalmasını müstəqillik dövrü ilə əlaqələndirdi
Putin müsahibəsində Ukraynanın sovet dövründəki sənaye potensialından da danışıb. O bildirib ki, 1986-cı ildə, onun xatırladığına görə, indiki Ukrayna ərazisində 51-52 milyon insan yaşayıb. Putin həmin dövrdə Ukraynanı Avropanın ən böyük sənaye baxımından inkişaf etmiş regionlarından biri kimi xarakterizə edib. Rusiya prezidenti Sovet İttifaqının dağılmasından sonra Ukraynanın gəmiqayırma, təyyarə və kosmik aparat istehsalı sahələrini itirdiyini iddia edib. O, ölkə əhalisinin sayının əvvəlcə 41 milyona, daha sonra 31 milyona düşdüyünü, hazırda isə Ukrayna ərazisində təxminən 20 milyon insanın qaldığını söyləyib.
“Vətənpərvərlər ölkələrini sevir, millətçilər başqa xalqlara nifrət edir”
Putin Ukraynanın müstəqillikdən sonrakı inkişaf problemlərini ölkədə hakimiyyətə gələn qüvvələrlə əlaqələndirib.
Onun fikrincə, Ukraynada hakimiyyəti vətənpərvərlər deyil, millətçilər ələ keçirib. Putin hazırda baş verən hadisələrə və müharibənin yaratdığı faciələrə baxmayaraq, ukraynalıların gələcək nəsillər haqqında düşünməli olduğunu vurğulayıb. O, ruslar və ukraynalıların güclü inkişaf üçün səylərini birləşdirməli olduğunu deyib.
Putin ukraynalı hərbçilərə nə təklif etdi?
Müsahibənin diqqətçəkən məqamlarından biri Putinin Ukrayna hərbçilərinə müraciəti olub. Rusiya prezidenti onların təslim olmasını istədiyini deməkdən çəkindiyini bildirib. Bunun əvəzinə Ukrayna hərbçilərini Rusiya tərəfinə keçməyə çağırıb. “Onlara demək istərdim ki, bizim tərəfə keçsinlər. Çünki bu, hamımızın ortaq tərəfidir – həm də tarixin doğru tərəfidir”, – Putin bildirib.
N.Talıblı
