Əfqanıstan hökuməti tərəflər arasında atəşkəsin 3-cü və sonuncu günü, mayın2 6-da daha 900 Taliban məhbusunu azad edib.
Atəşkəs müsəlmanların Ramazan bayramı üçün əldə edilmişdi.
Hökumət bundan əvvəl Talibanın atəşkəs təklifinə 2 minə yaxın məhbusun azad ediləcəyi ilə cavab vermişdi.
“Bu gün 900 məhbus azad edilir, digərlərinin azadlığı isə hüquqi prosedurlara əsasən həyata keçiriləcək” – deyə, Əfqanıstanın Milli Təhlükəsizlik Şurasının sözçüsü Cavid Feysal bildirib.
Proses baş çatdırıldıqda bu, Taliban yaraqlılarının ən böyük sayda məhbusunun azadlığı demək olacaq.
Mayın 25-də 100 məhbus sərbəst buraxılmışdı. Əfqanıstan hökuməti sərt-xətt tərəfdarı islamçılarla məhbus mübadiləsi mövzusunda danışıqların təxirə salınmasına baxmayaraq, sülh prosesində ilk addım olaraq 100 Taliban məhbusunu azad edib.
Məhkumların sərbəst buraxılması məsələsindəki fərqlər ABŞ-ın Əfqanıstanda illərdir davam edən münaqişəyə son qoymaq üçün vasitəşilik etdiyi sülh prosesini çətinləşdirir.
“Əfqanıstan İslam Respublikasının hökuməti bu gün səhhətlərini, yaşlarını və qalan cəzalarının müddətini nəzərə alaraq, 100 Taliban məhbusunu azad etdi” – deyə, Talibanla danışıqlar aparan Əfqanıstan Milli Təhlükəsizlik Şurasının sözçüsü Cavid Feysal bildirib.
Birləşmiş Ştatlar və Taliban arasında fevral ayında Dohada əldə edilən razılıq Əfqanıstanda 19 ilə yaxındır davam edən müharibəyə son qoyulması və ölkəyə yerləşdirilən minlərlə amerikalı əsgərin geri gətirilməsi üçün zəmin yaradıb.
ABŞ-ın baş vasitəçisi Zalmay Xəlilzad və Talibanın siyasi məsələlər üzrə sədr müavini Molla Əbdül Qani Bəradər razılığı Qatarın paytaxtında bir hoteldə keçirilən mərasimdə imzalayıblar.
Mərasimdə ABŞ-ın dövlət katibi Mayk Pompeo və bir sıra ölkələrin xarici işlər nazirlərləri iştirak edib.
Razılığa əsasən, Vaşinqton və müttəfiqləri Əfqanıstan torpaqlarının transmilli terrorçu qruplara sığınacaq olmayacağına dair zəmanətlər müqabilində bütün hərbi qüvvələri 14 ay ərzində Əfqanıstandakı beş bazadan çıxaracaq.
Həm də Əfqanıstan hökumətinin 5 min Taliban məhbusunu azad etməsi müqabilində, Taliban əsasən hökumətin təhlükəsizlik qüvvələri olmaqla, min məhbusu azad etməlidir.
ABŞ-ın hazırda Əfqanıstanda 12 minə yaxın əsgəri qüvvəsi xidmət göstərir. Vaşqinton hər il o ölkənin ordusuna yardım məqsədi ilə 4 milyard dollar vəsait ödəyir.
Əfqanıstan ərazilərinin yarısına nəzarət edən Taliban razılıq imzalandıqdan sonra da hücumlarına ara verməyib.
Əfqanıstanın kəşfiyyat rəsmiləri Ramazan ayında Talibanın hücumları nəticəsində 146 mülki vətəndaşın öldürüldüyünü, 430 nəfəin yaralandığını bildirib.