Əfqanıstan prezidenti Özbəkistandadır –

İstefasının səbəbini açıqlayıb
16 Avqust 2021 - 08:53

Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk edib və xanımı ilə birlikdə Özbəkistanın paytaxtına gedib.

Bu barədə “Al Jazeera” telekanalı dövlət başçısının şəxsi mühafizəçisinə istinadən məlumat yayıb.

“Qani, həyat yoldaşı, eləcə də milli təhlükəsizlik idarəsinin rəhbəri ölkəni tərk edərək Daşkənd şəhərinə gedib”, – deyə telekanal prezidentin mühafizəçisindən sitat gətirib.

Bu arada, “Al Jazeera” telekanalının Oman sultanlığındakı mənbələri Əfqanıstan prezidentinin ailəsi ilə birlikdə bu ölkəyə gəldikləri ilə bağlı bir sıra media qurumlarında yayılmış məlumatı təkzib ediblər.

İstefa verən Əfqanıstan prezidenti Əşrəf Qani “Taliban” hərəkatının Kabilə hücum etməyə hazırlaşdığını, buna görə də qırğının qarşısını almaq üçün vəzifəsindən getmək barədə qərar verdiyini açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə o, şəxsi “Facebook” səhifəsində yazıb.

“Taliban” açıq şəkildə bəyan etdi ki, məni hakimiyyətdən devirmək üçün bütünlüklə Kabilə hücum etməyə hazırdırlar. Qırğınların qarşısını almaq üçün getmək qərarına gəldim”, – Qani belə deyib.