Əfqanıstanda olan ABŞ qoşunlarının 44 faizi ölkədən çıxarılıb

-Pentaqon
02 İyun 2021 - 00:24

“ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesinin 30-44 faizi tamamlanıb”.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Orta Asiya və Yaxın Şərq üzrə Mərkəzi Komandanlığının məlumatında bildirilib.

Qeyd edilib ki, Prezident Co Baydenin geri çəkilmə qərarını verdikdən sonra, hərbi təchizatı çıxarmaq üçün Pentaqonun “C-17” hərbi nəqliyyat təyyarələri vasitəsilə, təqribən 300 uçuş həyata keçirib: “Bundan əlavə, 13 000 hərbi texnika Maddi-Texniki Dəstək Departamentinə təhvil verilib. Geri çəkilmə prosesinin 30-44 faizi tamamlanıb”.

Komandanlıq ABŞ hərbçilərinin fərqli vilayətlərdə artıq altı bazanı Əfqanıstan Müdafiə Nazirliyinə təhvil verdiklərini də açıqlayıb.

Xatırladaq ki, ABŞ lideri bu ilin aprelin 14-də Birləşmiş Ştatların Əfqanıstandakı qoşunlarının missiyasını sona çatdırması ilə bağlı qərarını açıqlamışdı.