Yuxudan oyandıqdan sonra yaranan baş ağrısı arterial təzyiqin kəskin yüksəlməsi ilə əlaqəli ola bilər. Buna görə də belə bir əlamət müşahidə edildikdə təzyiqi ölçmək lazımdır.
Bu barədə nevroloq Mariya Lavrenova RT nəşrinə danışıb.
Həkimin sözlərinə görə, bu tip ağrılar yuxarı təzyiq 170 mm civə sütunundan, aşağı təzyiq isə 110 mm civə sütunundan yüksək olduqda daha çox müşahidə edilir. Ağrı, adətən, ənsənin hər iki tərəfində hiss olunur və səhər saatları ərzində tədricən azalır. Bununla belə, hipertoniyanın uzun müddət heç bir əlamət vermədən davam etməsi mümkündür.
“Bundan əlavə, səhərlər müşahidə olunan oxşar əlamətlər obstruktiv yuxu apnesi sindromu, gecə diş qıcama, boyun nahiyəsində xroniki əzələ spazmı və ya miqren səbəbindən də yarana bilər. Buna görə də yalnız ağrının yerləşdiyi nahiyəyə əsasən diaqnoz qoymaq olmaz”, – deyə Lavrenova izah edib.
Nevroloq baş ağrısı zamanı arterial təzyiqi ölçməyi tövsiyə edib. Təzyiq yüksək qalarsa və ya görmə pozuntusu, ürəkbulanma, halsızlıq kimi qeyri-adi əlamətlər yaranarsa, tibbi yardım almaq lazımdır.
Xüsusilə təhlükəli əlamətlər qəfil başlayan, son dərəcə şiddətli baş ağrısı, ətrafların keyiməsi, üzün asimmetriyası və ya şüurun qarışmasıdır. Mütəxəssisin sözlərinə görə, bu əlamətlər kəskin damar pozuntusundan xəbər verə bilər və təcili tibbi müdaxilə tələb edir.
Səhərlər təzyiqin mümkün kəskin yüksəlmələrini müəyyənləşdirmək üçün Lavrenova bir-iki həftə ərzində təzyiq göstəricilərini qeydə almağı, zərurət yarandıqda isə arterial təzyiqin 24 saatlıq monitorinqindən keçməyi məsləhət görüb.
