“Əlifba” kitabının müəllifi Yəhya Kərimov vəfat edib

13 Avqust 2021 - 13:04

“Əlifba” kitabının müəllifi, pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov vəfat edib.

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

94 yaşında vəfat edən Y.Kərimov bu gün Qax rayonunda dəfn olunacaq.

Qeyd edək ki, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Yəhya Kərimov 1927-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olub və bitirdikdən sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləyib. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.

1955-ci ildən Elmi Pedaqoji İnstitutun aspiranturasında təhsil alıb, 1958-ci ildən həmin institutda kiçik elmi işçi, 1961-ci ildən şöbə müdiri işləyib. 1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işlər üzrə direktor müavini, hazırda Təhsil Problemləri İnstitutu direktorunun elmi tədqiqat bölümü üzrə müavindir. Uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun müdafiə şurasının sədr müavini və sədri işləyib. 40-dan artıq elmlər namizədi, 3 elmlər doktoru yetişdirib.

Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən monoqrafiyaların müəllifidir.

1963-cü ildən “Əlifba” dərsliyinin müəllifi olub. Hazırda onun tərtib etdiyi 6 dərslik və 5 dərs vəsaitindən istifadə olunur.

1970-ci ildən “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalının redaktoru olub.