Əliməmməd Nuriyev Masallıdan deputatlığa namizədliyini irəli sürəcək

13 Dekabr 2019 - 18:52

9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində tanınmış simalardan kimin hansı dairədən namizəd olacağı maraq doğurur.

Tanınmış hüquqşünas, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevin hansı dairədə deputatlıq uğrunda mübarizə aparacağı məlum olub.

Dostlarının sosial şəbəkədə bildirdiyinə görə, Əliməmməd Nuriyev 71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizədliyini irəli sürməyi planlaşdırıb.

Qeyd edək ki, Əliməmməd Nuriyev 2001-2005- ci illərdə Milli Məclisin deputatı olub.

O, hazırda Əfv Komissiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Ədliyyə naziri yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin koordinatorudur.

V çağırış Milli Məclisdə 71 saylı Masallı kənd seçki dairəsini deputat Elmira Axundova təmsil edirdi. Onun yenidən namizəd olub-olmayacağı hələ məlum deyil. (Modern.az)