Tibb mütəxəssisləri tez yuxuya getməyə kömək edə biləcək beş qidanın adını açıqlayıblar.
Bu barədə “Black Doctor” tibb nəşri məlumat yayıb.
Bir çox insan yuxuya getməkdə çətinlik çəkir və kifayət qədər dincələ bilmir. Mütəxəssislərin fikrincə, müəyyən qidalar bu problemin həllinə kömək edə bilər.
1. Qoz-fındıq
Qoz-fındıq serotonin istehsalına kömək edir. Serotonin sinir hüceyrələri arasında əlaqəni təmin edən neyromediatorlardan biridir. O, yuxunun, iştahanın, yaddaşın və hətta cinsi istəyin tənzimlənməsində mühüm rol oynayır.
2. İlıq süd
İlıq süd tərkibindəki triptofan sayəsində yuxuya getməyi asanlaşdıra bilər. Bu amin turşusu orqanizmdə yuxululuq hissinin yaranmasında iştirak edir və yuxuya keçidi dəstəkləyir.
3. Kivi
Yuxusuzluqla mübarizədə nəzərə alınmalı digər məhsul kividir. Bu meyvə vitamin və faydalı maddələrlə zəngin olmaqla yanaşı, orqanizmin rahatlamasına da kömək edə bilər.
Məqalədə bildirilir ki, kivinin tərkibində pomidorla müqayisədə iki dəfə çox serotonin var. Kivi həmçinin fol turşusu ilə zəngindir. Bu maddənin çatışmazlığı yuxu problemləri ilə əlaqəli ola bilər.
4. Şirin kartof (batat)
Batat maqnezium, kalium və kalsiumla zəngindir. Bu minerallar əzələlərin və orqanizmin rahatlamasında iştirak edir, normal yuxunun dəstəklənməsinə kömək edə bilər.
5. Nanə çayı və razyana
Yatmazdan əvvəl nanə çayı içmək, həmçinin razyanadan müxtəlif formalarda istifadə etmək də faydalı hesab olunur. Bu məhsullar sakitləşməyə və yuxu rejiminin normallaşmasına kömək edə bilər.
Sunay
