Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu DİM.TV-nin canlı yayımında Qlobal Jurnalistlər Birliyinin sədri Mehmet Ali Dimin qonağı olub.
“Report” xəbər verir ki, canlı yayımda Türkiyə XİN rəhbəri azərbaycanlı jurnalist Elşad Eyvazlının Ermənistanın işğal etdiyi Azərbaycan şəhəri Şuşada son təxribatı ilə bağlı sualına cavab verib və ölkəsinin bu məsələ ilə bağlı mövqeyini açıqlayıb.
Mövlud Çavuşoğlu ilk öncə qeyd edib ki, bir millətin iki diasporu ola bilməz: “Biz bir millət, iki dövlətik. Bir millətin iki dövləti olmaz şüarı ilə erməni məsələsində də birlikdə hərəkət edirik. Ölkədən xaricdə də bizə düşmənçilik edən bütün qüvvələrə qarşı fəaliyyətimizi birlikdə davam etdiririk.
Digər tərəfdən can Azərbaycanın torpaqlarının azad edilməsi üçün birlikdə çalışırıq. Azərbaycan torpaqlarının 20 faizi beynəlxalq hüquq baxımından və Azərbaycan ərazilərinin bütövlüyü çərçivəsində həll edilməsi vacibliyini biz də, Azərbaycan da söyləyir”.
Türkiyənin XİN başçısı qeyd edib ki, Azərbaycanın dövlət rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin diplomatik vasitələrlə həll edilməsi istiqamətində danışıqlar aparırlar. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər həll edilməməsindən narahatdır: “Bundan əlavə, Türkiyə qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən seçkiləri tanımır. Heç bir dövlət bu seçkiləri tanımayıb. İşğal edilmiş ərazilərdə seçkilərin keçirilməsi təxribatdır.
Rusiya bu məsələdə (Dağlıq Qarabağ münaqişəsinin həllində-red) önəmli rol oynayır. Cənab Prezidentimiz (Rəcəb Tayyib Ərdoğan-red) hər dəfə Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşəndə bu problemi (münaqişəni-red) birlikdə həll edək deyə israr edir”.
Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində hansı tələbi irəli sürsə, Türkiyə onu dəstəkləyəcək və birlikdə hərəkət edəcək: “Bu məsələdə heç bir azərbaycanlının şübhəsi yoxdur, ola da bilməz”.