Əsgər Akayev Qırğızıstanı tərk edib

08 Avqust 2021 - 18:06

Qırğızıstanın sabiq prezidenti Əsgər Akayev Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsində “Kumtor” qızıl mədəni ilə əlaqədar cinayət işi əlaqədar ifadə verdikdən sonra ölkəni tərk edib.

“Sputnik Kirqiziya”-nın verdiyi məlumata görə, bunu Ə. Akayevin yaxın tərəfdarı Bekbolot Talqarbekov bildirib.

Qeyd edək ki, 16 ildir ki, Moskvada yaşayan Ə. Akayev iyulun 2-də təyyarə ilə oğlu İlimlə birlikdə Bişkekə gəlib B. Talqarbekov deyib ki, Ə. Akayev istintaqda ona ünvanlanan bütün suallara cavab verib, bundan sonra ölkəyə ya öz istəyi, ya da istintaqın tələbi ilə gələ bilər. Qırğızıstanda olduğu müddətdə isə Ə. Akayev Qırğızıstan Prezidenti Sadır Japarovla görüşüb, anadan olduğu kəndə, həmçinin Talas vilayətinə səfər edib.

Xatırladaq ki, Qırğızıstanın eks-prezidentləri Əsgər Akayev və Kurmanbek Bakiyev “Kumtor” qızıl yatağının işlənməsində yol verilmiş qanunsuzluqlarla bağlı başlanmış cinayət işi üzrə təqsirli bilinərək axtarışa verilmişdi.

Kanadanın “Centerra Gold Inc.” şirkəti 700 tona yaxın ehtiyatı olan “Kumtor” qızıl yatağını 30 ilə yaxındır işlədir. Qırğızıstan ekoloji normaların pozulması və mədənin işlənməsi zamanı vergilərdən yayınmaya görə şirkətə qarşı 4,2 milyard dollarlıq maliyyə iddiası irəli sürüb.