“Əsgərlərin və generalların bir səngərdə döyüşməsi ordumuzun güclü ruhunu göstərir”-

QMİ-nin səlahiyyətli nümayəndəsi
15 İyul 2020 - 20:22

Son günlərdə cəbhə xəttində baş verən hadisələr, ordumuzun düşmənə endirdiyi zərbələr, insanların ruh yüksəkliyi hər birimizdə qürur doğurur. Əsgərlərimizin döyüş ruhunun yüksək olması, ordumuzun düşmənə nizamla və dəqiqliklə layiqli cavab verməsi bir daha dünyaya Azərbaycan dövlətinin gücünü, xalqımızın vəhdətini nümayiş etdirir.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, professor Hacı Surxay Məmmədli deyib.

S.Məmmədli bildirib ki, bu döyüşlərdə şəhid olanlar arasında əsgərlərlə yanaşı, yüksək rütbəli zabitlərimizin də olması, əsgərlərin, zabitlərin, generalların bir səngərdən düşmənlə döyüşmələri və ordumuzda güclü ruhun olduğuna daha bir sübutdur.

O qeyd edib ki, bu, ordumuzun döyüş əzmini yüksəldir, xalqımızda qürur hissi doğurur: “Tarixdə məşhur olan Azərbaycan sərkərdələrinin siyahısı yeni tariximizdə şəhid olan qəhrəmanlarımızla təzələnir. Bu, Azərbaycan xalqının nə qədər böyük, qeyrətli və inanclı bir xalq olmasını bəyan edir.

Milli və mənəvi birlik göstərən xalqımızın üçrəngli bayraq altında birləşərək hər zaman vətənin müdafiəsində dayanmaq üçün öz fikrini sivil şəkildə nümayiş etdirməsi həqiqətən də ordumuza ruh yüksəkliyi yaradır.

Bir din xadimi olaraq hər zaman bəyan etmişəm və indi də bəyan edirəm ki, biz Ali Baş Komandanın əmri ilə cəm olmağa və vətənimizin bütövlüyü uğrunda döyüşlərə qoşulmağa, lazım gələrsə, şəhid olmağa belə hazırıq.

Uca Allahdan şəhidlərimizə rəhmət, bütün şəhid ailələrinə, xalqımıza dərin hüznlə başsağlığı verirəm. Allahdan yaralı əsgərlərimizə şəfa, səngərdə olan əsgərlərimizə güc və qüvvət təmənna edirəm”.