Türkiyə və Azərbaycan arasında son aylarda baş verən gərginlik fonunda prezident Ərdoğan Zəfər Günü Azərbaycana səfərə gəldi. Şuşada prezident İlham Əliyevlə görüşdü, mühüm bəyanatlar verildi.
Bəs bu səfərdən sonra iki ölkə arasında münasibətlərdə hansı dəyişikliklər gözlənilir?
Qeyd etmək lazımdır ki, noyabrın 8-də keçirilən görüşün ən diqqətçəkən tərəfi hər iki prezidentin münasibətlərin pozulmaz olduğunu xüsusi vurğulaması oldu. Ərdoğan bildirdi ki, 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə ilə müttəfiqlik səviyyəsinə qaldırılan qardaşlığı zəiflətmək istəyənlər məqsədlərinə çata bilməyəcəklər. İlham Əliyev isə Türkiyə ilə Azərbaycanın birliyini “əbədi və sarsılmaz” adlandırdı. O, Ərdoğanın 44 günlük müharibənin ilk saatlarında verdiyi dəstək mesajını xatırladaraq Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyinin unudulmayacağını bildirdi.
Ərdoğan bununla kifayətlənmədi. O, Azərbaycanın Qarabağda yenidənqurma işlərini dəstəklədiyini, Türkiyənin bu prosesdə təcrübəsini bölüşməyə davam edəcəyini bildirdi. Cəbrayılda Türkiyənin iştirakı ilə yaradılan meşəçilik təlim mərkəzini və Ağdamda tikintisinə başlanmış 40 sinif otaqlı məktəbi birgə əməkdaşlığın nümunələri kimi göstərdi. Burada diqqətçəkən başqa məqam da var: hər iki lider üçüncü qüvvələrin münasibətlərə müdaxiləsinə imkan verilməyəcəyini vurğuladı. Bu, son həftələrdəki qarşılıqlı narazılıqlar fonunda verilmiş siyasi mesaj kimi oxuna bilər.
Bundan sonra münasibətlərdə hansı dəyişikliklər gözlənilir?
Mövcud məlumatların təhlili onu deməyə əsas verir ki, qarşıdakı dövr üçün dörd istiqamət aktual olacaq.
Birinci, siyasi münasibətlərdə normallaşmadır. Prezident Ərdoğanın Şuşaya gəlməsi və iki prezidentin birgə mətbuat konfransında açıq birlik mesajları verməsi diplomatik gərginliyin azaldılmasına xidmət edir. Yaxın vaxtlarda yüksək səviyyəli təmasların intensivləşməsi mümkündür.
İkinci, müdafiə və təhlükəsizlik əməkdaşlığı davam edəcək. 2021-ci il Şuşa Bəyannaməsi iki ölkənin müttəfiqlik münasibətlərinin hüquqi-siyasi əsasını təşkil edir. Müdafiə, hərbi sənaye və təhlükəsizlik əməkdaşlığı tərəflərin ortaq maraqlarına söykənir. Son siyasi gərginlik bu sahələrdə əməkdaşlığın dayandırıldığını göstərən hər hansı açıq əlamət yaratmayıb.
Üçüncü, iqtisadi və nəqliyyat layihələri gündəmdə qalacaq. Enerji, tranzit, nəqliyyat dəhlizləri və Qarabağın bərpası hər iki ölkə üçün əhəmiyyətli sahələrdir. Türkiyə Azərbaycanın qaz ixracı üçün əsas bazarlardan biridir. Buna görə münasibətlərin siyasi mübahisələr səbəbindən iqtisadi müstəviyə keçərək zədələnməsi tərəflərin heç birinin marağına uyğun görünmür.
Dördüncü, fikir ayrılıqları ətrafında hərtərəflli müzakirə və ortaq məxrəcin əldə edilməsidir. Suverenliyə münasibət, İsraillə əməkdaşlıq və Ermənistanla normallaşma prosesi masa üzərində olacaq.
Ərdoğanın Şuşa səfəri münasibətlərin əvvəlki səviyyəsinə qayıtması üçün siyasi zəmin yaradır. Bu səfərin ən mühüm nəticəsi tərəflərin ictimaiyyət və beynəlxalq auditoriya qarşısında bir-birinə verdiyi mesajdır: Bakı və Ankara arasında fikir ayrılıqları olsa da, strateji müttəfiqlik münasibətləri qorunmalıdır. Qarşıdakı dövrdə münasibətlərdə əsas dəyişiklik maraqların və qarşılıqlı suverenliyin nəzərə alındığı praqmatik əməkdaşlığa keçid ola bilər. Bu, müttəfiqliyin zəifləməsi deyil, onun daha institusional və hesablanmış əsasda davam etməsi deməkdir.
Ərdoğanın Şuşa səfəri münasibətlərdə açıq siyasi gərginliyin səngidilməsi və strateji müttəfiqliyin qorunması istiqamətində mühüm addım sayıla bilər.
X. SƏFƏROĞLU
