Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əsasən, 15 sentyabrda Azərbaycanda 2020/2021-ci tədris ilinə virtual və əyani formada olmaqla, start verilir.
Ölkənin baş pediatrı Nəsib Quliyev müəllim, şagird və validyenlərə bir sıra tövsiyələrini verib.
N.Quliyev deyib ki, təlildən sonra kollektivlərə qayıdan uşaqlarda yoluxucu xəstəliklərə həssaslıq yaranır: “Nəzərə almaq lazımdır ki, dünyada baş verən pandemiya səbəbindən bu il təlil müddəti daha uzun çəkdi. Ona görə də istər validyenlər, istər müəllimlər, istərsə də şagirdlər bu məsələlərdə məsuliyyətlərini dərk etməlidirlər. COVİD-19 virusunun baş qaldırdığı bir vaxtda həm də payız mövsümünü qarşılamağa hazırlaşırıq. Ona görə də daha da diqqətli olmaq lazımdır. Ümumiyyətlə, istər qrip, istərsə də COVİD-lə mübarizə üsulu mahiyyət etibarilə dəyişmir. Şəxsi qoruyucu vasitələrdən, maskalardan istifadə, sosial məsafənin gözlənilməsi, tibbi spirtdən istifadəyə xüsusi diqqət ayırmaq lazımdır.
Sabahdan ibtiadi sinif şagirdləri əyani təhsilə cəlb ediləcək. Yəni nəzərə almalıyıq ki, uşaqlar müstəqil olaraq özlərini idarə edə bilmir, gigiyenik qaydalara əməl etmək iqtidarında deyillər. Ona görə də daim müəllimlərin, tibb işçilərinin və validyenlərin onlara qayğısı mütləqdir.
Bütün qaydalara riayət edilsə də, nəzərə almalıyıq ki, əyani təhsilə cəlb olunan uşaqlar daim risk altında olacaqlar. Amma təhsildən də qala bilmərik. Ona görə də daim bu məsələlərə diqqət etmək lazımdır”.
Baş pediatr uşaqların səhər yeməyində normal qidalanmasının vacib olduğunu diqqətə çatdırıb:
“Uşaqları ac şəkildə məktəbə göndərmək olmaz. Bütün vasitələrdən istifadə etməklə, daim uşaqlarımızın səhhətini bacardığımız qədər təhlükədən qorumalıyıq. Həm təhsil almalıyıq, həm də övladlarımızın səhhətini qayğı göstərməliyik”.
N.Quliyevin sözlərinə görə, hazırda mövsümi xəstəliklərlə bağlı statstika stabil vəziyyətdədir: “Koronavirusla bağlı əks-epidemik tədbirlər ciddi şəkildə tətbiq edildiyindən qrip virusuna yoluxma olduqca cüzidir. Biz COVİD-lə mübarizədə həm də digər infeksiyalardan da qorunmuş oluruq. Ona görə də hazırda qrip virusuna yoluxma dəfələrlə azalıb. Amma biz heç nəyə arxayınlaşa bilmərik. Bütün mümkün vasitələrdən istifadə etməklə övladlarımızı, həmçinin müəllimlərimizi virus təhlükəsindən sığortalamış olarıq”. (Modern.az)