ƏRDOĞAN TRAMP GÖRÜŞÜ –Sövdələşmə baş tutdu? (TƏHLİL)  

Çərşənbə günü Oval kabinetdə arzusunda olduğu görüşdən sonra Ağ Evin Şərq zalında ABŞ prezidenti Donald Trampın yanında dayanan Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan Amerika ictimaiyyətinə və milyonlarla xarici tamaşaçıya müraciət etmək üçün nadir imkan əldə edib.

Bu barədə Lara Seliman  “Foreign Policy”-də yazır.

Trampın bundan ümumiyyətlə nəsə əldə edəcəyinə dair heç bir əminlik olmayıb.

Bu zaman Ərdoğan səfərinin böyük bir hissəsini kameralar qarşısında çıxış etməklə keçirib, “Suriya Demokratik Qüvvələri” (SDF) alyansının əsas hissəsini təşkil edən, İŞİD-in darmadağın edilməsində iştirak edən YPG qüvvələrini sərt tənqid edib. Türkiyə prezidenti həmçinin bildirib ki, bu ay Suriyanın Təl-Abyad şəhərində baş verən bomba partlayışı nəticəsində 13 dinc sakin həlak olub. Ərdoğan bu hadisədə də YPG-ni günahlandırıb.

Məqalə müəllifi qeyd edir ki, yüksək vəzifəli senatorlardan ibarət qrupun, o cümlədən Lindsi Qremin (Lindsey Graham) iştirak etdiyi Oval kabinetdəki görüş iki lider üçün bir sıra məsələləri, məsələn, “S-400” sistemlərinin tədarükü ilə bağlı yaranmış problemi həll etmək üçün imkan yaratsa da, heç bir razılıq əldə olunmayıb.

Administrasiya “dolayı variantı” seçib. Həmin varianta əsasən, Türkiyə “S-400” zenit-raket kompleksini hazır vəziyyətə gətirməməyə razılaşmalıdır. Bu da Vaşinqtonun yenidən Ankaranı “F-35” qırıcılarının istehsal proqramına daxil etməsinə zəmin yaradıb.

Amma ekspertlər deyir ki, Ərdoğan “S-400” məsələsində növbəti dəfə Trampı barmağına dolaya bilib. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Tomas Karako (Thomas Karako) hesab edir ki, “S-400” sistemlərini hazır vəziyyətə gətirməməklə bağlı sadə razılaşma güzəşt hesab edilə bilməz və asanlıqla ləğv edilə bilər.

Bu yay zenit-raket komplekslərinin ilk elementləri Türkiyəyə tədarük edilməyə başladıqdan sonra ABŞ Müdafiə Nazirliyi Ankaranın “F-35” proqramında iştirakına xitam verib, Türkiyədə qırıcıların istehsalının 2020-ci il mart ayınadək dayandırılacağını qeyd edib. Ancaq Türkiyə “S-400” problemini həll edə bilsə, Amerika rəsmiləri Ankaraya proqrama geri qaytımaq şansı veriblər.

2017-ci ildə qəbul edilmiş və Rusiyadan hərbi texnika alan ölkələrə qarşı qüvvədə olan “Sanksiyalar vasitəsilə Amerikanın düşmənlərinə müqavimət haqqında” qanuna əsasən, Rusiyaya məxsus zenit-raket komplekslərinin Türkiyəyə tədarük edilməsi sərt sanksiya paketinin tətbiq edilməsinə əsas verir. Lakin Tramp qanunvericilərin etirazlarına baxmayaraq, həmin tədbirləri təxirə salır.

“Dolayı variant” çərçivəsində istənilən saziş, çox güman, konqresmenləri qəzəbləndirəcək. Onlar sanksiyaların həyata keçirilməsini istəyirlər. Çünki Ankara açıq-aşkar bildirib ki, Rusiyadan zenit-raket kompleksləri almağa davam edəcək.

Tramp fikir ayrılığının meydana çıxmasında keçmiş prezident Barak Obamanı günahlandırıb. O, Obama administrasiyasının Ərdoğana “Patriot” komplekslərini satmaqdan imtina etdiyini bildirib. Yanlış fikirdir. Əslində Türkiyə həm qiymətinə, həm birgə istehsal şərtlərinə görə daha əlverişli sonuncu təklifi alanadək “Patriot” kompleksləri ilə bağlı təklifləri iki dəfə rədd edib.

Bununla belə, Ərdoğan “Patriot” komplekslərinin tədarük perspektivi ilə Trampı cəlb etməyə davam edir, hərçənd bu danışıqların nəticə verib-verməyəcəyi bəlli deyil. (Xpress)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın mal alıb-satdığı ölkələrin

Sonrakı məqalə

BQXK nümayəndələri Dilqəm və Şahbaza baş çəkdi