Lerik Uzunömürlülər muzeyində dünyanın ən yaşlı sakini olmuş Şirəli Müslümovun SSRİ-də ona verilmiş pasportu saxlanılır.
Azpost.info bildirir ki, 1943-cü ildə Azərbaycan SSR-nin NKVD-si tərəfindən verilmiş pasportda Ş.Müslümov haqqında anket məlumatları yer alıb. Onun doğum təvəllüdü 1805-ci il olduğu göstərilib. Doğum yeri Zuvand rayonu, peşəsi kolxozçu kimi qeyd edilib.
Şirəli Müslümov pasportu alan zaman 138 yaşında olub.
Şirəli Müslümov 1805-ci ildə ildə Lerik rayonunun Barzavu kəndində doğulub. O, 3 dəfə ailə qurub, 23 övlad sahibi olub. 1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında “Şirəli dağdan endi” adlı sənədli film çəkilib. 136 yaşında qız atası olub.
Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub.
Şirəli Müslümovun sədası uzaq Vyetnama da çatıbmış. Vyetnam Kommunist Partiyasının məşhur lideri Xo Şi Min ona açıqca göndərib. Muzeydə bu açıqca da nümayiş olunur. Xo Şi Min orada Şirəli Müslümova “Əziz baba” deyə xitab edir və uzun ömür arzulayır.
Ş.Müslümovun qızı Həlimə Qəmbərova hazırda Lerikdə yaşayır. Onun 95 yaşı var. “Ola bilsin ki, atam kimi 168 il yaşamayacağam. Amma babam kimi 150, yaxud xalam kimi 130 il yaşayacağıma ümid edirəm”, – deyə o, Lerikdə çəkilişdə olan “CNN” telekanalına bildirib.
Uzunömürlülüyə görə Ginnesin rekordlar kitabına düşmüş 168 yaşlı Şirəli Müslümov 1973-ci ildə dünyasını dəyişib. O doğulan ildə Tomas Cefferson ikinci dəfə ABŞ prezidenti seçilmişdi. Qarabağ xanlığı isə Rusiyaya birləşdirilmişdi.
Ş.Müslümov dahi isveç nağılçısı Hans Xristian Andersenlə eyni ildə anadan olub. Andersen nağılları ilə, Şirəli baba uzun ömrü ilə dünyanı mat qoydu…
Yaşasaydı, bu il Şirəli babanın 214 yaşı tamam olacaqdı.
Azpost.info
FOTO: Şirəli Müslümovun qızı, 95 yaşlı Həlimə Qəmbərova
FOTO: Vyetnam Kommunist Partiyasının məşhur lideri Xo Şi Minin Ş.Müslümova göndərdiyi açıqca.
FOTO: 168 yaşlı Şirəli baba…
Şirəli Müslümov həyat yoldaşı ilə…