18 ölkədə mafiyaya qarşı irimiqyaslı əməliyyat keçirilib –

Yüzlərlə terrorçu qrup, mafiya üzvü saxlanıb
08 İyun 2021 - 12:06

Beynəlxalq polis mütəşəkkil cinayətkar qruplara qarşı “dünyanın ən təkmil” əməliyyatını həyata keçirib.

Azpost.info Azadlıq radiosuna istinadən bildirir ki, dünyanın əksər xəbər agentlikləri bu haqda məlumat yayıblar. 18 ölkədə irimiqyaslı əməliyyat zamanı terrorçu qrupları, mafiya təşkilatlarının yüzlərlə üzvləri saxlanıb.

Avstraliya və Yeni Zelandiya mütəşəkkil cinayətkarlığa “ağır zərbə” haqda məlumat yayan ilk dövlətlər olub. Europol və Federal Təhqiqatlar Bürosu (FTB) öz regionlarındakı əməliyyatların detallarını gün ərzində açıqlayacaqlar.

“Dəmir Əməliyyat”

“Avstraliya hökuməti qlobal əməliyyatın tərkib hissəsi olaraq mütəşəkkil cinayətkarlığa ağır zərbə vurub – təkcə bu ölkədə deyil, bütün dünyada mütəşəkkil cinayətkarlığa qarşı səs salacaq bir əməliyyat aparılıb”, – Baş nazir Skot Morrison mətbuat üçün brifinqdə deyib.

“Dəmir Əməliyyat” 12-dən çox ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlığı əsasında aparılıb. Bu ölkələr sırasında Birləşmiş Ştatlar, Avropa, Avstraliya və Yeni Zelandiya var.

Yeni Zelandiya və Avstraliya polisinin bildirməsinə görə, FTB ANOM adlı xüsusi tətbiq yaradıb və şübhəli cinayətkarlar təhlükəsiz sistem vasitəsilə ünsiyyət qurduqlarını düşünərək ona qoşulublar.

18 aydan çox bir müddət ərzində şübhəlilər narkotik qaçaqmalçılığı, çirkli pulyuma, qətl və digər cinayətlər planlaşdırıblar.