20 Yanvarda xalqın yaddaşına yazılan Şeyxülislam

20 Yanvar xalqımızın vətəndaşlıq qürurunun və qan yaddaşının əyani təzahürüdür. Bu tarix onun mübarizə ruhunu, azadlıq istəyini sübuta yetirdi. Qanlı şənbə gecəsində qurban gedən şəhidlər milyonların qəlbinə azadlıq toxumu səpdi.

Sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

Həmin günlər bizdən uzaqlaşdıqca bu qanlı cinayətə qorxmadan etiraz edən, pisləyən ictimai xadimlər, siyasətçilərin adları da tarixdə yerini tutur. Gələcək nəsil üçün həmin günlərdə kimin nə deməsi, nə etməsi maraqlı olacaq.

Bulqakovun Volandı deyirdi: “Əlyazmaları yanmır!”

Həmin qanlı günlərdə Azərbaycan xalqı bir yumruq kimi birləşərək faciə səbəbkarlarına etirazını bildirir, siyasi böhran yaradanlara qarşı müqavimət göstərirdi.

O dövrün qarışıq günlərində ayıq zəkası və cəsarəti ilə seçilən ziyalılarımız yanvar qırğınının baş verməməsi üçün çalışır, Bakıya göndərilmiş imperiya rəsmilərinin təxribatçı fəaliyyətinə mane olmağa cəhd edirdilər.

Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirovun yarıtmaz idarəçiliyi 20 yanvar ərəfəsində Azərbaycanda ciddi hakimiyyət böhranı yaratmışdı. Həmin günlərdə SSRİ İttifaq Sovetinin sədri Y.Primakovun və Sov.İKP MK katibi A.Girenkonun, müdafiə naziri, marşal Yazovun Bakıya göndərilməsi Moskvanın hazırladığı hansısa qorxulu planın nişanələrindən xəbər verirdi.

Xüsusən Y.Primakovun Azərbyacanın partiya rəhbərliyi, Xalq Cəbhəsi və ölkə ziyalıları, dini rəhbərləri ilə görüşlərində sərt və ulitmatum dilində çıxışı çıxılmaz vəziyyətin yarandığını göstərir, Kremlin əsəbi nəbzini nümayiş etdirirdi.

14-15 yanvar 1990-cı il tarixdə Primakov və Sov.İKP MK katibi A. Girenkonun iştirakı ilə keçirilən Azərbaycan KP MK Bürosunun iclasında Y. Primakov respublikada fövqəladə vəziyyət  tətbiq edilməsini təklif edir. Mövcud qanunvericiliyə görə isə fövqəladə vəziyyət ancaq respublika Ali Sovetinin qərarı ilə tətbiq edilə bilərdi.

Y/Primakovun təzyiqi ilə Azərbaycan SSR AS Rəyasət Heyətinin iclası çağrılıb yetərsay olmadan DQMV, zəruri halda isə ona bitişik rayonlarda və sərhəd boyu ərazilərdə fövqəladə vəziyyət elan olunması haqqında qərar qəbul etdirildi.

Respublikada isə son dərəcə gərgin vəziyyət hökm sürürdü. Xalq arasında etimadını itirmiş kommunist rəhbərliyi vəziyyətə nəzarəti itirmişdi. DTK-nın təxribatları qarşısında çarəsiz qalan bu siyasi post sahibləri böhranın qarşısını almaq üçün nə edəcəklərini bilmirdilər.

Meydanda xalqın inandığı, etibar etdiyi ziyalılar, ictimai xadimlər qalmışdı.

Həmin dövrdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə siyasi böhranın qansız həll olunması üçün var gücü ilə çalışırdı. Qarabağ məsələsində qətiyyətli mövqeyi ilə ilk gündən yadda qalan Şeyxülislam çıxışlarında Kremlin bu ayrıseçkilik siyasətinə etirazını bildirirdi. Xalqın böyük etimadını qazanmış QMİ sədri Bakıda olan SSRİ rəhbərliyinin nümayəndələri ilə görüşlərdə Moskvanı qanlı qərarlardan çəkinməyə çağırırdı.

Həmin günlərdə ölkənin tanınmış ziyalıları bu görüşlərdə A.Paşazadənin sərt və qətiyyətli mövqeyinin şahidi olmuşdular.

Xalq şairi Bəxtiyar Vahabzadə 1997-ci ildə “Respublika” qəzetinə verdiyi müsahibəsində Primakovla görüş zamanı baş verən hadisəni danışarkən bunu açıqlamışdı. Görkəmli şairimiz müsahibəsində demişdi ki, İsmayıl Şıxlı, Nurəddin Rzayev, Şeyxülislam Allahşükür Paşazadə və Həsən Həsənovla  yanvarın 17-də Əbdürrəhman Vəzirovun yanında çox sərt tonda keçən görüş zamanı Primakovla mübahisə baş verib. “Allahşükür Paşazadə kəskin şəkildə Primakova hücum çəkdi və sərt şəklidə “xalqıma qarşı təhlükə olan yerdə mən heç kəsi tanımıram. Düzünü de görüm, ordu şəhərə girəcək? Qırğın olacaq, ya yox?” dedi”-deyə B.Vahabzadə xatırlamışdı.

Vəziyyət çox böhranlı idi.

Mərkəz paralel şəkildə başqa vasitələrə də al atırdı. Sovet rəhbərliyi dünya birliyini çaşdırmaq üçün Azərbaycanda guya islamçı fundamentalistlərin hakimiyyəti ələ keçirdyi barədə  məlumat yayırdı.  Moskva bu ittihamla ərazi bütövlüyünün pozulmasına qarşı mübarizəyə qalxmış Azərbaycan xalqını dünyada diskreditə etmək, onun haqlı etirazını qarşısını almaq məqsədi güdürdü.

Y.Primakovun QMİ sədri Allahşükür Paşazadəyə respublikada hakmiyyəti ələ alması təklifi də bu təxribata hesablanmış avanturist gediş idi.

Şeyxülislam tanınmış rus jurnalisti Mixail Qusmanın “Formula vlasti” verilişində bununla bağlı danışarkən bu məqamları xatırlamışdı: “Primakov mənə dedi ki, Mixail Qorbaçovla danışıb. Mənə Azərbaycanda hakimiyyətə rəhbərliyi götürməyi təklif etdi. Dedi ki, mənə hər cür dəstək veriləcək. Ançaq bu şərtlə ordu Bakıya girməyə bilər. Bu təklif mənim üçün tam gözlənilməz oldu”-deyə Şeyxülislam qeyd etmişdi.

Allahşükür  Paşazadə  Primakovun bu təkilfini sərt şəkildə rədd cavabı verir: “Sizin  məqsədinizi  anladım. Mənim 2  rükət  namazım  sizin  təklif  etdiyiniz  hakimiyyətdən qat–qat  üstündür! Mən Buxaradakı  Mir-Ərəb mədrəsəsini bitirmişəm, Moskvadakı Ali  Komsomol məktəbinə yox!. Primakovun təklifini rədd etdim və onunla çox ciddi mübahisəmiz oldu”.

Xalq Cəbhəsi nümayəndələri ilə görüşdə Primakov hərəkatın lideri Əbülfəz Elçibəydən “Sizin məqsədiniz nədir?” soruşur. Elçibəy cavabında“demokratik seçkilərdə qələbə çalmaq” deyir. Onda Primakov bildirir ki, “bundan sonra Sovet İttifaqından ayrılmağa bir pillə qalır”.

AXC İdarə Heyətinin üzvü Etibar Məmmədovun sözlərinə görə, 18 yanvar 1990-cı ildəki görüş zamanı onlara deyilib ki, “ordu ona görə lazımdır ki, biz Azərbaycanın SSRİ-dən ayrılmasının qarşısını alaq”.

Buradan aydın görünür ki, Moskvadan göndərilənlər yerli hakimyyətlə situasiyanı müzakirə etməyə, çıxış yolu tapmağa yox, öz qanlı niyyətlərini həyata keçirmək üçün gəliblər.

SSRİ müdafiə naziri D. Yazovun rəhbərliyi ilə hazırlanan və həyata keçirilən ‘Tayfun” adlı hərbi əməliyyat telestudiyanın enerji blokunun partladılması  ilə 19 yanvar saat 19.27 dəqiqədə başladı. Bunun ardınca rus qoşunları saat 21.00-da Türkan və Qala hərbi hissələrindən çıxıb Bakı şəhərində doğru gəlməyə başladılar.

Yüzlərlə dinc sakinin qətli ilə müşayiət olunan bu qanlı qırğın SSRİ tarixində misli görünməmiş divantutma əməliyyatına çevrildi.

Yalnız qanlı qırğından sonra -20 yanvar səhər saat 7.00-da Bakı şəhərinin komendantı təyin olunmuş general-leytenant Dubinyak radio ilə çıxış edərək SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar saat 00-dan Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verildiyini elan edir.

Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyət elan olunana qədər Sovet ordusunun müdaxiləsi nəticəsində artıq 102 nəfər dinc vətəndaş öldürülmüşdü.

Bu faciəni təhqiq edən Azərbaycan Respublikası Ali Soveti Komissiyasının rəyində göstərilirdi ki, şəhərin tutulması əməliyyatı nəticəsində 131 nəfər həlak olmuşdu.

SSRİ rəhbərliyinin bütün ciddi-cəhdlərinə baxmayaraq 1990-cı ilin yanvarında Bakıda baş vermiş amanasız qətliamı dünyadan gizlətmək mümkün olmadı.

Bu qanlı qırğınla bağlı nümayiş etdirdiyi mövqeyi Şeyxülislamı siyasi meydanın düz ortasına çıxartdı.

Yanvarın 21-də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür Paşazadənin SSRİ rəhbəri Mixail Qorbaçovu lənətləyən bəyanatı bütün ölkəyə yayılır.

A.Paşazadə öz müraciətində Mixail Qorbaçovu Bakıda baş vermiş qanlı qırğının əsas təşkilatçısı elan edərək onu qatil adlandırdı: “Yanvarın 19-dan 20-ə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanıb. Bunların arasında uşaqlar, qadınlar və qocalar var. Onların tankların tırtılları altında qalmış, pulemyot və avtomatlarla tikəparça edilmiş cəsədləri insanı dəhşətə gətirir. Bir dövlət başçısı kimi sizin imzanızla törənən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz. Siz bununla özünüzü bir siyasi xadim və bacarıqsız dövlət başçısı kimi ifşa etdiniz”.

Bu, SSRİ tarixində sovet rəhbərini açıq mətnlə ittiham edən ilk Bəyanat idi.

Hadisələrin sürətli gedişatı QMİ-ni xalqla əlaqənin yeganə məkanına çevirdi. Bakıda dövlət qurumlarının fəaliyyəti iflic olmuşdu.

Qarşıda ağır proses dururdu. Qanlı qırğında həlak olmuş yüzlərlə günahsız insanları necə və harada dəfn etməli?

20 yanvar günü səhər Təzəpir məscidinə ilk şəhid cəsədi  gətirilir.

Sovet hərbi komendantlığı, general Dubinyak  və Azərbaycan rəhbərliyinin bir sıra məmurları meyitləri tez bir zamanda doğulduqları rayonlara göndərib dəfn olunmasını tələb edirlər.

Şeyxulislam din xadimlərini “Təzəpir”ə toplayır. “Evinizlə, ailənizlə hallalaşıb gəlin, hər şey ola bilər!”-deyə A.Paşazadə məscidə toplaşmış dindarlara müraciət edir.

Şəhidlərin dəfninə hazırlıq başlanır.

Güllələrin parçaladığı meyitləri göz yaşları içində dəfnə hazırlayan din xadimləri üçün mənzərə dəhşətli idi. Şeyxülislam özü müsahibələrinin birində etiraf etmişdi ki, “dəfn olunmaq üçün gətirilmiş tək insan qolunu indi də unuda bilmir”.

Hərbi komendantlığın kütləvi dəfn mərasiminin qarşısını almaq cəhdi iflasa uğrayır.

Şəhidlərin dəfninin təşkili ilə QMİ sanki siyasi hakimiyyətlə kütlələr arasında əlaqəni yaradan əsas həlqəyə çevrilmişdi.

Sovet əsgərlərinin avtomat lülələrinin tuşlandığı yerdə -Mərkəzi Komitənin qarşısında gələcək nəslin and yerinə çevriləcək bir addımla bağlı qərar verilir – Şəhidləri qardaşlıq məzarlığında dəfn etmək!

Müzakirədən sonra dəfn yeri olaraq  Dağüstü Parkın üstündə dayanırlar. İctimai Dəfn Komissiyası yaradılır və professor Qüdrət Əbdülsəlimzadə Dəfn Komissiyasının sədri seçilir.

Şeyxülislamın rəhbərliyi ilə 20 yanvar şəhidlərinin möhtəşəm dəfn mərasimi keçirilir.

Yanvarın 22-də Bakıda Şəhidlərin dəfni başlanır. Milyonlarla insan küçələrə, meydanlara çıxaraq öz azadlıq uğrunda həlak olan qəhrəmanlarına son borclarını verməyə gəldilər.

Yanvar Şəhidlərinin dəfn mərasimi dini ritualdan çıxaraq, xalqın Moskvaya qarşı etirazının nümayişinə çevrilir. Bu nəhəng izdihamı idarə edən Şeyxülislam Allahşükür Paşazadə ilə yanaşı, sovet təcavuzunə qarşı digər dini konfessiyaların nümayəndələri – rus pravoslav kilsəsi və yəhudi icması da addımlayırdı. Onlar matəm mərasimində çıxış edərək sovet rəhbərliyini, və ordusunun bu cinayətini açıq mətnlə pislədilər.

Milyonluq izdihama başçılıq edən A.Paşazadə  dəfn prosesində bir nəfər belə sovet əsgərinin görünməməsini tələb edir və izdihamdan qorxan hərbçilər bunu yerinə yetirməyə məcbur olurlar.

Həmin günlərdə çox məşhur olan “Səhər” qəzeti ilk dəfə Şəhidlərin siyahısını dərc edərək 2 milyon tirajla yaydı.

Mərhum Baş redaktor Məzahir Süleymanzadə öz müsahibəsində demişdi ki, Şeyxulislam Allahşükür Paşazadənin şəhidlərin dəfnində və prosesin idarə olunmasında çox böyük rolu olub: “QMİ sədrinin Mixail Qorbaçovu ittiham edən bəyanatı  çox cəsarətli və ciddi mövqe idi. Allahşükür Paşazadə başda olmaqla din adamlarının bu prosesdə iştirak etməsi olduqca vacib idi və müsbət qarşılanırdı. Hakimiyyətsizlik və xaosun baş alıb getdiyi vaxtda, prosesin təşkil olunması və idarəsində Şeyxulislamın önəmli rolu oldu”.

“Səhər” qəzetinin şəhərdə sürətlə yayılması hərbçiləri narahat etməyə başlayır. Əlində “Səhər” qəzeti olanları həbs etməyə başlayırlar. Bir yerdə vitrinə yapışdırlmış qəzeti oxuyan sayda adamları dağıtmaq üçün əsgərlər avtomatdan atəş açmışdılar. Güllələrin  bir neçəsi vitrindəki “Səhər” qəzetinə də dəymişdi. Ona görə qəzeti “güllələnmiş qəzet” adlandırırdılar.

Görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlı 24 yanvar 1990-cı ildə Mərkəzi Komitənin Plenumunda Yevgeni Primakova sərt ittiham etmişdi. Onun oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı müsahibəsində bu barədə danışmışdı: “Yevgeni Primakov atamın sözünü kəsmək istəyəndə İsmayıl Şıxlı ona kəskin şəkildə “sən burada özünü çar canişini Vorontsov-Daşkov kimi aparma! Sözümü kəsmə!”-cavabını vermişdi. Yevgeni Primakov iclasda “heç kim ölməyib, cəmi bir-iki nəfər həlak olub” deyəndə İsmayıl Şıxlı şəkil qovluğunu onun üstünə ataraq “korsan sən? Bax bu fotolara” demişdi.

Elçin Şıxlı öz açıqlamasında bildirmişdi ki, Şeyxulislam Allahşükür Paşazadə 20 yanvar hadisələri zamanı millətin içində idi və fəaliyyəti ilə xalqla bir olduğunu göstərdi: “Bu mühüm idi. Şeyxin  Qorbaçovu ittham edən kəskin bəyanatını yaxşı xatırlayıram. Onun dini lider kimi verdiyi bu bəyanat böyük rezonans doğurmuşdu”.

Tanınmış telejurnalist, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Qulu Məhərrəmli də QMİ sədrinin o zamankı mövqeyini yaddaqalan olduğunu deyib: “Şeyxulislam mənim üçün 20 yanvar 1990-cı ilə bu millətin müqavimət ruhunu ifadə edən adamdır”.

Tanınmış jurnalist Bahəddin Həziyev QMİ sədrinin həmin ildəki fəaliyyətinə dair məqaləsində Şeyxülislamın Sovet rəhbərliyinin törətdiyi qəddarlıqlara anındaca gerçək, tarixi qiymət verdiyini yazmışdı: “Millətimizin varlığına, ölkəmizin bütövlüyünə, azadlıq xəyallarımızın gerçəkləşməsinə qarşı yaranmış böyük təhlükələrin, siyasi, iqtisadi, sosial-mənəvi böhranların tüğyan etdiyi bir dönəmdə Şeyxülislam Hacı Allahşükür Paşazadənin də bir insan, din xadimi, ziyalı və vətəndaş olaraq gerçək pozitivləri bir daha ortadaydı. Özü üçün də təhlükəni gözə alaraq Sovet rəhbərliyinin törətdiyi qəddarlıqlara zamanında – anındaca gerçək, tarixi qiymətini vermiş və dünyaya səslənərək xalqın dərd, ağrı və düşüncələrini yaymış, mürgülü vicdanları tərpətmişdi”.

Allahşükür Paşazadə 30 yanvar 1990-cı ildə “Azərinform”a açıqlamasında  Sovet dövləti tərəfindən Azərbaycan xalqına qarşı irəli sürülən, qoşunların yeridilməsi üçün guya səbəb olan üzdəniraq “islam amili”ni “fitnəkar ittiham” adlandırır: “Açıq-aşkar görünür ki, bunu iddia edənlər tamamilə məlum bir niyyət güfürlər – müsəlmanları xristianlara qarşı qoymaq. Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək mən qoşunların Bakıdan təxirə salınmadan çıxarılmasını tələb edirəm. Heç bir xalqla, o cümlədən Azərbaycan xalqı ilə silahla danışmaq olmaz”.

QMİ sədri SSRİ müdafiə naziri marşal Yazov və SSRİ daxili işlər naziri Bakatinlə görüşü zamanı bu qırğına görə onları sərt şəkildə tənqid edir və onlardan Azərbaycan xalqı qarşısında üzr istəməyi tələb edir.

1990-cı il martın 14-də Şeyxülislam Allahşükür Paşazadə Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz əlaməti olaraq, SSRİ Xalq deputatı mandatından imtina edir.

Bu ötən 33 ildə Şeyxülislam ardıcıl olaraq 20 yanvar qırğınında günahı olan şəxslərin –SSRİ prezidenti Mixail Qorbaçovun və digərlərinin məhkəməyə verilməsini və həbsini tələb edib.

Yanvar qırğını Azərbaycan xalqını daha da birləşdirdi və müstəqillik uğrunda mübarizəyə köklədi. Üstündən 33 il keçsə də Azərbaycan xalqı azadlığı uğrunda öz canını fəda etmiş əziz Şəhidlərini unutmur. Hər il yüz minlərlə insan övladları, nəvələri ilə Şəhidlər Xiyabanına üz tutaraq bu Qəhrəmanları xatırlayır, onların nakam ruhuna dualar oxuyurlar.

“Los Angeles Times” qəzeti 23 yanvar 1990 -cı ildə yazırdı: “Yanvarın 20-də və 21-də təşkil edilən yürüşlər, 22-də keçirilən kütləvi dəfn mərasimi hər cür mitinqləri qadağan edən fövqəladə vəziyyətə qarşı açıqdan-açığa meydan oxumaqdır. Bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail oldular”.

Həmin günlərdə qorxmadan meydanda olan ictimai xadimlər isə adını xalqın yaddaşına həkk edib.

A.ABBASOV

Əvvəlki məqalə

Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib – FOTO

Sonrakı məqalə

Messi və Ronaldo son dəfə meydanda üz-üzə gəldilər